Ədalət Partiyasından İrana çağırış: “Əliniz yoxdursa, istintaqı Azərbaycanla birgə aparın!”

img

28-01-2023 [16:15]


Ədalət Partiyasının Siyasi Şurası Azərbaycanın Tehrandakı səfirliyinə basqınla bağlı etiraz bəyanatıyla çıxış edib.

Mia.az xəbər verir ki, bəyanatda deyilir:

“Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyinə 1 nəfərin qətlə yetirilməsi, 2 nəfərin isə yaralanmasıyla nəticələnən basqınla bağlı indiyədək yayılmış görüntülərin və məlumatların təhlili göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış terror hadisəsi olmaqla yanaşı, həm də İran dövlətinin müvafiq qurumlarının aşkar məsuliyyətsizliyinin və laqeydliyinin nəticəsi olaraq ortaya çıxıb və yalnız azərbaycanlı mühafizəçinin cəsur  davranışları hesabına kütləvi qırğının qarşısı alınıb. 

Bu hadisənin xüsusilə son 2 ildə İran-Azərbaycan münasibətlərindəki gərginliklərin kulminasiyaya çatdığı və bu gərginliklərin aradan qaldırılması üçün də hər iki dövlətin aidiyyəti qurumları və şəxsləri arasında intensiv danışıqların aparıldığı, hətta müəyyən razılaşmların əldə edildiyi bir vaxtda törədilməsi hazırda üzərində dayanılan “şəxsi məsələ” motivini tamamilə arxa plana keçirərək, daha çox çeşidli siyasi mülahizələri ön plana çıxarır, istintaqın gedişində bütün versiyaların ciddi şəkildə yoxlanılmasını zəruri edir. 

Eyni zamanda, bu terror hadisəsi həm də İran tərəfindən Azərbaycana qarşı açıq və sistemli təhdidlərin artması, İran təbliğat vasitələrində anti-Azərbaycan çağırışlarının güclənməsi və xüsusilə də səfirliyimizə, sürücülərimizə hücumların ediləcəyi haqda xəbərdarlıqların çoxalması fonunda törədildiyindən, Azərbaycan cəmiyyətində haqlı olaraq, qəzəb və etirazlara səbəb olub, üstəlik, bütün şübhələri də birbaşa İranın dövlət qurumlarının üzərinə yönəldib. 

Ədalət Partiyası hesab edir ki, İran dövləti bu işdə hər hansı şəkildə əlinin olduğuna dair yaranmış şübhələrin dağılmasında və gerçəyin üzə çıxmasında maraqlıdırsa, iki ölkə arasında düşmənçilik istəmirsə, bu cinayət işinin istintaqında, bütün versiyaların yoxlanılmasında və təfərrüatlarının araşdırılmasında Azərbaycanın müvafiq qurumlarının iştirakını tam şəkildə təmin etməlidirlər.

Hazırda bu hadisədən istifadə edərək, iki ölkə arasında münasibətlərin daha da gərginləşdirilməsinə və hətta müharibə həddinədək yüksəlməsinə çalışan düşmən dövlətlərin və çevrələrin də xeyli aktivləşdiyini, sosial şəbəkə üzərindən qarşılıqlı ittihamların və təhqirlərin, qisas çağırışlarının gücləndirildiyini nəzərə alan Ədalət Partiyası bu qənaətdədir ki, hər iki dövlətin müvafiq qurumları operativ şəkildə məsləhətləşmələrə başlamalı və bu düşmənçiliyə tezliklə son verməldirilər. 

Əks halda, fitnəkarlar daha geniş meydan əldə edəcək və İslam torpaqları yenidən dinc və günahsız insanların qanının töküldüyü məkanlara, xarabalıqlara çevriləcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR