"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təsdiqləndi - Detallar (Yenilənib)

img

28-12-2022 [18:55]


Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiq edib.

Mia.az xəbər verir ki, yeni qanuna əsasən, pensiya təyinatı zamanı sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.

Xatırladaq ki, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanırdı.

Dəyişiklik 2023-cü ilin yanvarın 1-də qüvvəyə minəcək.

***

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanun pensiya sistemində növbəti humanist yanaşmanın tətbiqinə, pensiya təminatına əlçatanlığın artırılmasına xidmət edən daha bir addımdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən, fərdi hesabında 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək olan dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mia.az-a verilən məlumata görə, hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu.

Məsələn, fərdi hesabında 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək olan dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2023-cü ildə artıq 25 il yox, 24 il, 2024-cü ildə 23 il, 2025-ci ildə 22 il və s. staj hesablanacaqdı və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaqdı.

Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Yəni, qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək.

Yaşlı əhaliyə humanist yanaşmanı göstərən bu islahat yaxın 3 ildə daha 30 minə yaxın şəxsin onlara 25 illik staj hədiyyə edilməsi nəticəsində pensiya hüququ əldə etməsinə, pensiya təminatının əhatəsinin daha da genişləndirilməsinə imkan verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR