"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin vaxtı bəlli oldu

img

24-11-2022 [12:59]


"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin vaxtı dəqiqləşib.

Bu barədə yarışın baş direktoru Anar Allahverdiyev superturnirə həsr olunmuş mətbuat konfransında açıqlama verib.

O bildirib ki, turnir bu il 17-24 dekabrda təşkil olunacaq. "Fairmont" hotelində dairəvi sistem üzrə keçiriləcək yarışın 2 iştirakçısı artıq məlumdur. Bunlar Şəhriyar Məmmədyarov və rumıniyalı Riçard Rapportdur.

Allahverdiyevin sözlərinə görə, digər şahmatçıların adları və mükafat fondu yaxın vaxtlarda açıqlanacaq: "Turnir üçün açılış və qapanış mərasimləri nəzərdə tutulub. Maraqlı tədbir planlaşdırılır. İştirakçılar arasında gənclərə daha çox üstünlük veriləcək".

Baş direktor turnirin Qazaxıstanda keçiriləcək rapid və blitz üzrə dünya çempionatı üçün hazırlıq kimi dəyərləndirilə biləciyini də istisna etməyib: "Ola bilər. Amma bizim turnirin əsas məqsədi Vüqar Həşimovun xatirəsini əbədiləşdirmək, yaradıcılığını, oyunlarını, çıxışlarını təbliğ etmək və şahmatın Azərbaycanda inkişafına nail olmaqdır. Amma Rapport və ya Şəhriyar üçün hazırlıq məqsədi daşıyacaqsa, bizim üçün çox xoş olar".

Qeyd edək ki, "Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turniri SOCAR-ın baş sponsorluğu ilə təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR