"Ermənistan-Azərbaycan arasında normallaşma prosesi Şərq Tərəfdaşlığı çərçivəsində daha geniş əməkdaşlığa yol açacaq" - XİN-də görüş

img

17-11-2022 [20:36]


Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az Xarici işlər Nazirliyinə istinadla bildirir ki, nümayəndə heyətində Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul səfirləri və xüsusi elçiləri təmsil olunub.

C.Bayramov bu gün müsbət dinamika və intensivliklə xarakterizə olunan Azərbaycan-Aİ əlaqələrinin uğurla inkişaf etdiyini, rəsmi Bakının Aİ ilə Şərq Tərəfdaşlığı çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. Aİ tərəfindən ölkəyə 2 milyard avroluq maliyyə paketinin ayrılmasının Azərbaycan tərəfindən müsbət qarşılandığını, gələcək investisiyaları birgə müəyyən etmək və prioritetləşdirmək üçün yüksək səviyyəli işçi qrupunun yaradılması təşəbbüsünün vacib olduğunu vurğulanıb.

O, Azərbaycanla Aİ arasında bir çox sahələri, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini əhatə edən enerji dialoqunun mövcudluğundan bəhs edib, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu və gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan nazir dövriyyənin daha da artırılması imkanlarından bəhs edib.

C.Bayramov həmçinin postmünaqişə dövründən söz açaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyi üzrə ölkənin baxışları barədə məlumat verib. Digər səylərlə yanaşı, Aİ Şurasının Prezidentinin iki ölkə arasında konstruktiv mühitin yaradılması istiqamətində fəaliyyəti qeyd edilib.

Görüşdə həmçinin mövcud mina təhlükəsi barədə məlumat verilərək problemin aradan qaldırılmasında Avropa İttifaqı və üzv dövlətlər tərəfindən səylərin göstərilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Azərbaycanın bugünkü geosiyasi reallıqlar fonunda enerji təchizatçısı kimi artan rolundan bəhs edərək ölkənin Aİ-nin enerji təchizatının şaxələndirilməsinə, Avropa istehlakçılarının fasiləsiz, sərfəli və təmiz enerjiyə çıxışının gücləndirilməsinə töhfəsini yüksək qiymətləndirib.

Həmçinin görüşdə Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin Şərq Tərəfdaşlığı çərçivəsində daha geniş əməkdaşlığa yol açacağından əminlik ifadə olunub. Vətəndaş cəmiyyəti kontekstində ölkənin etimad quruculuq tədbirlərində əhəmiyyəti vurğulanıb.

Görüşdə tərəflər, Şərq Tərəfdaşlığının müasirləşdirilməsi, yeni imkanlar, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR