Ədalət Partiyasından İrana çağırış: “Peyğəmbərimizi söydürən Fransayla eyni cinahda durmaqdan utanın və çəkilin!”

img

16-11-2022 [15:07]


Ədalət Partiyasının Siyasi Şurası getdikcə gərginləşən İran-Azərbaycan münasibətləri haqda bəyanatla çıxış edib.

Mia.az xəbər verir ki, Bəyanatda deyilir:

“2020-ci ildəki 44 günlük Vətən Savaşında Azərbaycanın Ermənistan üzərindəki hərbi qələbəsi 30 il boyunca region ölkələrinin qarşılıqlı əlaqələrinə, sürətli inkişafına maneçilik törədən mühüm bir problemin həllinə və bütövlükdə bölgəyə rifah, tərəqqi vəd edən qalıcı sülhün əldə edilməsinə böyük ümidlər və şanslar yaratsa da, təəssüf ki, bəzi dövlətlərin hələ də açıq-aşkar pozucu mövqe tutmaları və əvvəlki konfliktli şəraiti geri qaytarmaq cəhdləri sülh prosesini əngəlləyir, Cənubi Qafqazda hətta Yaxın Şərqi öz ağuşuna ala biləcək yeni və daha böyük müharibə riskini hər gün artırır.

Son iki il ərzində yaşanan hadisələr göstərir ki, hərb meydanında məğlub olan və bu məğlubiyyətinin etirafı kimi də üzərinə konkret öhdəliklər götürməklə 10 noyabr 2020-ci ildə Üçtərəfli Atəşkəs Razılaşmasına imza atan Ermənistanın öz öhdəliklərini yerinə yetirməkdən yayınmasında və yenidən revanşist əhval-ruhiyyəyə köklənməsində iki ölkə xüsusi fəallıq göstərir: Fransa və İran.

Özünün dövlət siyasətində həmişə açıq-aşkar İslam düşmənçiliyi mövqeyi tutmuş, hətta dəfələrlə mətbuat orqanları vasitəsiylə İslamın əziz Peyğəmbəri Məhəmmədi (s.ə.s.) və digər müqəddəslərimizi aşağılayıb təhqir edən karikatura və yazıların yayımçısına çevrilmiş, tarixən işğalçı və soyqırım törədicisi olmuş Fransanın xristian Ermənistanı dəstəkləməsi Azərbaycan cəmiyyətində o qədər təəccüblə qarşılanmasa da, bizimlə eyni dini məzhəbi, eyni mədəniyyəti bölüşən, 40 milyon soydaşımızın yaşadığı və özünü “İslam Respublikası” elan etmiş qonşu İranın riyakar Fransayla eyni cinahda yer alması, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deməsi və üstəlik, Azərbaycana qarşı təhdid dilində danışması Vətənini sevən hər bir qeyrətli azərbaycanlıda hədsiz dərəcədə təəccüb, təəssüf, eyni zamanda, nifrət və qəzəb hissi yaratmışdır.

Çünki Azərbaycan insanı çox yaxşı görür ki, təkcə 44 günlük Vətən Savaşı dönəmində və ondan sonrakı 2 il ərzində Türkiyə və Pakistan başda olmaqla, sünni məzhəbli müsəlman ölkələrin, demək olar, hamısı vəhdət halında birmənalı şəkildə Azərbaycanın haqq işinə dəstək verdikləri halda, özünü “şiə təəssübkeşi” elan etmiş İran din qardaşı Azərbaycanın yox, müsəlman məscidlərində donuz saxlayan işğalçı Ermənistanın yanında yer alaraq, hər vasitəylə bu işğalçının müsəlmanalara tam təslim olmasının qarşısını kəsir, ona yenidən bizimlə savaş üçün hər cür maddi-mənəvi, psixoloji dəstək verir.

Eyni zamanda, Azərbaycan insanı onu da yaxşı görür ki, Ermənistan ərazisindən keçəcək “Zəngəzur dəhlizi”nin Üçtərəfli Razılaşmaya əsasən açılması 30 ildir zillət içərisində yaşayan Naxçıvan camaatının həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, ən çox da Türkiyəni, Azərbaycanı, eləcə də Mərkəzi Asiyanın müsəlman respublikalarını gücləndirəcəyi halda, bu dəhlizin işə düşməsindən ən çox narahatlıq keçirən də Ermənistan və Fransa, bir də özünü “İslam Respublikası” sayan İrandır.

Ədalət Partiyası İranın tutduğu bu aşkar pozucu və hər şeydən əvvəl, İslam ehkamlarına, “Quran” ayələrinə zidd mövqeni qətiyyətlə pisləyərək, bunun rəsmi Tehranın qardaşlıq, dostluq və qonşuluq prinsiplərini ayaq altına atması kimi qiymətləndirir, eyni zamanda, cənublu soydaşlarımızı və həqiqi möminləri öz dövlətlərinin bu anti-müsəlman davranışlarına etiraz etməyə, Peyğəmbərimizi dəfələrlə təhqir etdirən Fransayla, minlərlə şiənin qanını tökmüş işğalçı Ermənistanla eyni cinahda durmaqdan utanmağa və geri çəkilməyə çağırır.

Ədalət Partiyası çox ümidlidir ki, İrandakı sağlam siyasi qüvvələr, həqiqi İslam təəssübkeşləri rəsmi Tehranı hazırda tutduğu bu pozucu məqsəd və niyyətlərdən, anti-islam davranışlardan çəkindirməyə, sonda İranın Türkiyə və Azərbaycanla yanaşı addımlamasına və bölgədə sülhün əldə edilməsində bizimlə eyni mövqeni bölüşməsinə nail olacaqlar.”


Digər xəbərlər
SON XƏBƏRLƏR