Ərdoğan: "Paşinyana dedim ki, Azərbaycanla münasibətləri normal saxlasanız..."

img

10-11-2022 [11:00]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi görüşdə erməni hökumət başçısına çatdırdığı mesajı açıqlayıb.

Dövlət başçısı bu barədə noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərinə yola düşməmişdən əvvəl keçirdiyi brifinqdə danışıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm. Ona dedim ki, Azərbaycanla münasibətləri normal saxlasanız, biz də münasibətləri normallaşdırarıq. Amma hələ bunu görmürük. Çünki diaspor fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir”, - R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Bu il oktybarın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR