Məşhur meyxanaçı adam öldürdü - Rəşad Dağlı həbs olundu (TƏFƏRRÜAT)

img

09-11-2022 [10:41]


Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

Meyxanaçı Rəşad Dağlı qətl törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib.

Mia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

E. Hacıyev deyib ki, məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə bildirilir ki, Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyev tanınmış meyxanaçı Ələkbər Yasamallının yaxın qohumudur.

Onunla Rəşad Dağlı arasında bundan öncə də mübahisələr olub. Sonunu dəfə İ. Mehtiyev R. Dağlının ünvanına təhqiramiz ifadələr işlədib. Meyxanaçı məsələyə aydınlıq gətirmək üçün Mehtiyevlə görüşmək qərarına gəlib.

Səhər saat 05 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş tutan görüş qətllə nəticələnib. Belə ki, ünvanına səsləndirilən söyüşləri qəbul etməyən R. Dağlı İ. Mehtiyevə çoxsaylı bıçaq zərbələri vuraraq, onu öldürüb. 

İ. Mehtiyevin narkotik satışı ilə məşğul olduöu və uzun illər məhbəs həyatı yaşadığı da bildirilir. Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilən Mehtiyev bu yaxınlarda azadlığa buraxılıb. 

Hər iki şəxs Bakının "Sovetski" adlanan ərazisində qonşuluqda yaşayıblar.

Qeyd edək ki, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR