İran qan canağına dönüb: SEPAH rəsmisinin oğlu da öldürülüb - Etirazlar davam edir

img

08-11-2022 [18:03]


Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (İran hakimiyyəti Şahindej adlandırıb) şəhərinin sakini, atası İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH-ın) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərb-polis rejimi tərəfindən öldürülüb.

Report.az xəbər verir ki, məlumatı GünAzTV yayıb.

Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi barədə xəbərin yayılmasının qarşısını alıb. Ona görə də M.Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.

İranla bağlı digər xəbərə görə, ölkədə bir qrup əmmamaməli və əbalı din xadimləri ilə hicabsız qadınlar arasında qarşıdurma olub. Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.

Görüntülərdən məlum olur ki, din xadimləri hicabsız gəzdikləri üçün qadınları söyür, təhriq edirlər. Qadınlar da onlara “Sənə dəxli yoxdur” cavabını verirlər.

Digər məlumata görə, mərkəri Təbriz olan Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü və insan hüquqları müdafiəçisi Negin Kiyani həbs olunub. O, Təbriz həbsxanasında saxlanılır. Lakin hüquq-müdafiəçisinin həbsinin səbəbi və nədə ittiham olunduğu açıqlanmayıb.

Oktyabrın 15-də saxlanılan azərbaycanlı vəkilə ailə üzvləri görüşə və telefon danışığına icazə verilməyib. N.Kiyani ilə bu müddət ərzində yalnız bir dəfə anası ilə qısa müddətə görüşə bilib.

Məlumata görə, o, İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı fəalları könüllü şəkildə müdafiə etdiyi üçün rejimin qəzəbinə tuş gəlib və həbs olunub.

Qeyd edək ki, N.Kiyani və başqa 3 azərbaycanlı vəkil 15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülüblər.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində keçirilən etiraz aksiyasında həbs edilən tələbə Səba Paşazadə qeyri-müəyyən vəziyyətdə saxlanılır. Onun vəziyyəti və ittihamı ilə bağlı ailəsinin məhkəmə, təhlükəsizlik və həbsxana rəhbərliyinə müraciətləri cavabsız qalıb.

Təbrizdə yaşayan milli fəal Əmir Çəməni də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Azərbaycan Milli Hərəkatının fəallarından biri, tanınmış siyasi məhbus Abbas Lisani noyabrın 7-i axşam saatlarında kəskin bel ağrısı səbəbindən Ərdəbil həbsxanasından şəhərdəki İmam Əli adına xəstəxanaya köçürülüb. Həkimlər tibbi müayinədən sonra dərhal cərrahi müdaxilə və tibbi yardım göstərilməsinin vacibliyini bildiriblər.

Qeyd edək ki, əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və Ərdəbil prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə ona məzuniyyət verilməsi haqqında qərar ləğv edilib.

İran İnsan Haqları Təşkilatının noyabrın 8-nə olan məlumatına görə, etiraz aksiyalarından ötən 54 gün ərzində hökumət məmurları 50-i uşaq olmaqla 321 nəfəri öldürüblər. Məlumatlara əsasən, aksiyada iştirak edən 14 823 nəfər saxlanılıb, onların 428-i tələbədir. 1 862 nəfərinin isə kimliyi və harada saxlanıldığı məlum deyil. Bildirilib ki, bu müddət ərzində 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib. 135 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR