Şahin Mustafayevlə Mqer Qriqoryan Brüsseldə görüşdü: nələr razılaşdırılıb? - XİN və NATO açıqlama yaydı (Yenilənib)

img

03-11-2022 [20:37]


Brüssel şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycan Respublikası və Ermənistan Respublikası nümayəndə heyətlərini salamlayıb, Komissiyaların işinə uğurlar arzulayıb, Avropa İttifaqının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan salamlama çıxışlarında Avropa İttifaqı Şurasına görüşün yaxşı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Tərəflər, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.

Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

***

"NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir".

Mia.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Tviterdə paylaşım edib: "Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir. Bu bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndiririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR