ƏLİYEV, PUTİN və PAŞİNYAN ARASINDA İKİ SAATDAN UZUN ÇƏKƏN GÖRÜŞ BİTDİ - Birgə bəyanatın TAM MƏTNİ (FOTOLAR/Yenilənir)

img

31-10-2022 [22:12]


Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşünün yekunları üzrə birgə bəyanatın mətni dərc olunub.

Mia.az xəbər verir ki, bəyanatda deyilir:

“Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik.

Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirdik. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq".

Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır: "Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq".

Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir.

Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək.

Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər. 

Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar.

***

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Mia.az xəbər verir ki, görüş “Rus” sanatoriyasında baş tutub.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:

- Hörmətli həmkarlar, bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə, Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı.

Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda, o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.

Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız. Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik.

Çox sağ olun, təşəkkür edirəm.

***

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti də artıq  Soçi şəhərinə gedib.

Məlumata görə, onu hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşaiyət edir.

***

Moskva Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına doğru irəliləməyə imkan verəcəyinə ümid edir.

Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.

Xatırladaq ki, Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

***

Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə qatılacaq.

Mia.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki,  bu barədə o, iclasda danışıb.

Bildirib ki, Putin Soçidə üçtərəfli görüş keçirməyi təklif edib: "Mən öz iştirakımı təsdiqlədim”.

Paşinyan qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycan ilə sülh müqaviləsi imzalamaq niyyətindədir: "Biz bunun üçün lazım olan hər şeyi edirik. Çalışırıq ki, müqavilə imzalananadək sərhədlərin delimitasiyası da başa çatdırılsın”.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.

***

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün baş tutacağına inanırıq".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında mümkün görüşlə bağlı sualı cavablandırarkən deyib.

“Belə bir üçtərəfli görüş hazırlanır, onun baş tutacağına ümid edirik. Yeri və zamanı vaxtında müəyyənləşdirəcəyik”, - Kremlin sözçüsü vurğulayıb/APA.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib/Report.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

***

“Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoq davamlı sülhə nail olmağın açarıdır”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvətini şərh edərkən deyib.

N.Prays ABŞ-ın əvvəlki kimi, rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarını dəstəklədiyini vurğulayıb: "Biz hər iki lideri onlara uyğun istənilən formatda görüşməyə çağırmışıq. Hesab edirik ki, problemləri həll etməyin və davamlı sülhə nail olmağın açarı birbaşa dialoqdadır. Məhz buna görə də dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabr ayında Nyu-Yorkda bir araya gətirmişdi”.

Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, son nəticədə davamlı sülh səyləri baxımından Prezident Putinin dəvətinin faydalı olub-olmayacağına məhz Azərbaycan və Ermənistan qərar verməlidir/Report.

***

Üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sammitinə hazırlıq gedir.

Mia.az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, sammitə hazırlıq davam edir. Görüşün yeri və tarixi barədə məlumat veriləcək.

***

Rusiya prezidenti Azərbaycan və Ermənistan liderlərini Rusiyaya üçtərəfli sammitə dəvət edib.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Rusiya bütün səviyyələrdə tərəfdaşlarla Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli naminə işləməyə davam edir. Eyni zamanda sülhə nail olmaq üçün siyasi iradə və hər iki tərəfin razılığı lazımdır.

Rusiya XİN rəsmisi bildirib ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib. Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR