"Qələbə qazanmağı çox istəyirdik" - "Qarabağ" və "Olimpiakos"un baş məşqçilərindən açıqlamalar

img

13-10-2022 [23:35]


"Qələbə qazanmağı çox istəyirdik".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib: "Rəqib həddindən artıq istəkli idi. Oyundan razı qaldım. Futbolçular sonadək yaxşı mübarizə apardılar. Onları təbrik edirəm. "Olimpiakos"a qarşıdakı görüşlərdə uğurlar arzulayıram".

Qurbanov zədələnən Kadi Borgesin durumunun sabah bəlli olacağını söyləyib: "Onun ağrıları var idi. İkinci hissənin əvvəlində əziyyət çəkdiyini gördük və əvəzlədik. İkinci yarıda oyunu ələ ala bildik. Rəqibdəki futbolçular öz təcrübələrindən yaxşı istifadə edirlər. Rotasiyalar edən komandalar çoxdur. Amma mən sistemi saxlamağa üstünlük verdim. 90 dəqiqə tam istədiyin kimi çıxış etmək mümkün deyil. Əsas odur ki, oyunçular matçdan qopmadılar".

Təcrübəli baş məşqçi UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdiklərini xatırladıb: "Olimpiakos" ilk xalını qazandı. Bir xal onlar üçün əhəmiyyətli ola bilər. Həmişə qazandığımız hər xala şükür etmişəm. Bu gün bir xal əldə etdik və nəticədən razıyam".

Qurbanov matçın gedişatında qrupun digər qarşılaşması haqqında məlumatının olmadığını diqqətə çatdırıb: "Görüş başa çatandan sonra "Nant"ın məğlub olduğunu bildik".

Mütəxəssis rəqibin gücünə bələd olduqlarını deyib: "Böyük tarixi olan komandaya və titullar əldə edən futbolçulara qarşı oynayırdıq. Belə oyunlarda onların təcrübəsi, ümumi bacarığı nəticəni müəyyənləşdirir. Bizdən gözləntilər çox olur. Azarkeşlər bizdən qələbə gözləyirdi. Belə fikirlər futbolçulara təsir edir. Çox da böyük futbol ölkəsi deyilik, klub olaraq Avropada böyük uğurlar qazanmamışıq. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra yenə Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatçılıq var idi. Ancaq mən belə hallara həmişə müsbət baxmışam".

Baş məşqçi komandasının çərçivəyə zərbə endirə bilməməsi barədə də danışıb: "Olmamış olmaz. Rəsmi statistika da səhv edə bilər. Baxmaq lazımdır. Məncə, qapıçı top qaytarıb. Hər oyun, zərbə istədiyin kimi alınsa, məncə, maraqsız olar".

***

"Oyunçularımı təbrik edirəm. Belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil".

Bunu Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis gələcəyə ümidli baxdıqlarını bildirib: "Komandadakı durumu görürsünüz. Bu vəziyyətdən birlikdə çıxmağa çalışacağıq. Bəzi itkilərimiz var. Yann MVila ağrılarla oynayırdı".

Qonsales "Qarabağ"ın baxımlı oyun sərgilədiyini vurğulayıb: "Yəqin ki, azarkeşlər də öz komandalarının oyunundan zövq aldılar. Həmişə dolu tribunalar önündə çıxış etmək xoşuma gəlib".

Baş məşqçi Yunanıstanda 0:3 hesabı ilə uduzduqları III tur matçını xatırladıb: "Həmin nəticə amansız oldu. Məğlubiyyəti haqq etmirdik. Evdəki görüşdə hər səhv edəndə qapımızda qol gördük. Hücumda bir çox alternativi olan komandaya qarşı oynadıq. Onlardan topu almaq və dominantlıq etmək asan deyil"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR