Elektron Təhlükəsizlik Xidmətindən “WhatsApp”la bağlı - Xəbərdarlıq (Video)

img

07-09-2022 [17:41]


Azərbaycanda vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir.

Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar ölkə ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil. Həmçinin qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə “WhatsApp” mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib. Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib.

Həmçinin “WhatsApp” mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesablarını “WhatsApp” 24 saat ərzində nəzərdən keçirir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyəti aradan qaldırır.

Vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Təlimatla keçid edərək tanış olmaq mümkündür.

Həmçinin bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR