Daha üç idmançımız cəzalandırılıb - Dopinqə görə

img

07-09-2022 [12:06]


Azərbaycanın daha 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb.

Məlumata görə, bunlardan biri kikboksçu Telman Süleymanovdur.

Azərbaycan çempionatında gümüş medal qazanmış, "Kobra" klubunu təmsil edən, MMA-da da çıxış edən Süleymanov 4 illik cəzalandırılıb. Onun dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb. Beləliklə, kikboksçu qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd edib. Onun cəzası 28 iyundan hesablanmağa başlayıb.

Şabran rayonunun yetirməsi olan boksçu Cavad Aslanov isə "nümunə toplanması prosedurundan yayınma, imtina və ya nümunəni təqdim etməmək" antidopinq qayda pozuntusuna yol verib. Yanvarda 60 kq çəki dərəcəsində Azərbaycan çempionatında bürünc medal qazanmış Aslanovun 2 illik cəzası 9 avqustdan hesablanır.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) cəzalandırdığı daha bir idmançı ağırlıqqaldırandır. Lakin 4 illik cəzalandırılan və cəzası 30 iyundan hesablanmağa başlanan idmançının adı açıqlanmayıb. AMADA-nın mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirovun "Report"a verdiyi məlumata görə, idmançı azyaşlı olduğundan, yeni qaydalar onun adının açıqlanmasını məqbul saymır/Report.

Qeyd edək ki, daha əvvəl güləşçilərdən Zaur Əliyev 4 il, İsmayıl Cabbarlı isə 2 il müddətinə cəzalandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR