Sabiq deputatın iddiası üzrə məhkəmə qərar verdi - Keçmiş işçi haqlı çıxdı

img

30-08-2022 [13:05]


“Ştutqart” MMC-nin rəhbəri, sabiq deputat Nəriman Əliyev şirkətin keçmiş əməkdaşı Abutalıb Ağayev barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verib.

Mia.az APA-ya istinadla xəbər verir ki, sabiq deputat şikayət ərizəsində Abutalıb Ağayevin onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatlar yaydığını bildirib.

Xüsusi ittihamçı göstərilən əməllərə görə, Abutalıb Ağayevin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148 (təhqir) maddəsi ilə mühakimə olunmasını tələb edib.

Nərimanov Rayon Məhkəməsində araşdırılan iş üzrə Abutalıb Ağayeva böhtan atmaqla bağlı maddə üzrə bəraət verilib. Məhkəmə Abulıb Ağayevin əməlini 147.1 (böhtan) maddəsinə tövsif edərək min manat məbləğində cərimə olunması, barəsinə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsi ilə bağlı qərar verib.

Bundan başqa, ittiham olunan şəxsin üzərinə xüsusi ittihamçıdan üzr istəmək vəzifəsi qoyulub.

Qərardan narazı qalan Abutalıb Ağayev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi məhkəmə heyəti tərəfindən yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü ləğv edilib.

Qərara əsasən, xüsusi ittiham qaydasında şikayətə xitam verilib.

Xatırladaq ki, “Ştutqart” MMC-nin rəhbəri Nəriman Əliyev ilə həmin şirkətin 2020-ci ilə qədər əməkdaşı olmuş Abutalıb Ağayev arasında dəfələrlə mübahisələr olub. Sonuncu dəfə o, Nəriman Əliyevi “Ştutqart” MMC-nin anbarının yaxınlığındakı ağacları kəsməkdə, işçilərin əmək haqlarını verməyərək 25 milyon manatlıq yeyinti etməkdə ittiham edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR