Cinayət Məcəlləsində polisin işinə yarayan - DƏYİŞİKLİK

img

18-04-2014 [15:49]


Milli Məclis Cinayət Prosessual Məcəlləyə (CPM) dəyişiklik edib.

ANS PRESS-in məlumatına görə, dəyişikliklər haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Komitə sədri bildirib ki, CPM-yə əsasən şübhəli şəxs qismində tutulan şəxs indiyədək 48 saatdan çox saxlanıla bilməzdi: "48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı ya da barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf edən ölkələrin də təcrübəsində saxlama anlayışı genişdir. Məsələn, Danimarka və Norveçdə bu 3 gündür. Elə ölkələr var ki, orada müddət altı gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın”. 

BAXCP sədri Qüdrət Həsənquliyev də təklifi dəstəkləyib: "Ancaq CPM 148.7 maddəsi ilə razı deyiləm. Məsələ toplantıların keçirilməsi ilə bağlıdır. Bu insan və vətəndaşın əleyhinə olan cinayətlər fəslinə aiddir. Hesab edirəm ki, sözügedən maddə çıxarılmalıdır. Toplantını keçirən şəxslər İnzibati Xətalar Məcəlləsi əsasında cəzalandırıla bilər. Toplantıların qaydasını pozan şəxsə 2 gün müddətinə ittiham irəli sürülə bilmirsə, müddət daha 2 gün uzadıla bilər. 169-cu maddənin bura salınmasını ümumiyyətlə mən başa düşə bilmirəm. Təklif edirəm ki, bu maddə CPM-dən çıxarılsın. Bəlkə 4 gündən sonra məhkəmə şəxsi cərimə edib buraxacaq. Fikrimcə, alternativ cəzalar məsələsi varsa, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməlidir”.

Deputat Çingiz Qənizadə də dəyişikliklərə münasibətinin müsbət olduğunu bildirib. Onun fikrincə, müddətin uzadılması təqsirləndirilən şəxslərin marağındadır: "Onlar istədikləri şəxs ilə müdafiə naminə müqavilə bağlaya biləcəklər. Bəzən tutulma həftə sonuna düşür və şəxs istədiyi şəkildə müdafiə oluna bilmir. Əslində, bu dəyişiklər ağır və xüsusilə ağır cinayətlərə şamil edilir, hansı ki orada işin yükü daha çox ağır olur. Bəzən inzibati xəta törədən çoxlu adam olur, onların hamısının sənədləşməsini qısa müddət ərzində aparmaq mümkün olmur. Bu baxımdan, müddətin 96 saata qədər uzadılması müsbət haldır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA