Quba, Siyəzən, Qəbələ və Xaçmazda yanğın söndürülüb, Şabranda isə... - Açıqlamalar + VİDEOLAR (Yenilənib)

img

20-08-2022 [19:07]


Quba rayonunun Təngəaltı kəndi yaxınlığında meşəətrafı ərazidə baş verən yanğın görülmüş operativ tədbirlər sayəsində qısa vaxtda yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısı alınaraq tam söndürülüb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, soyutma işləri tamamlanmış meşəətrafı sahədə təxminən 1 hektar ərazidə quru ot və kol-kos yanıb.

Bundan başqa, Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın da günün ikinci yarısında tam söndürülüb. Burada isə yanğın təxminən 40 hektar ərazini əhatə edib.

Qeyd edək ki, isti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.

***

Respublikanın Şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın nəzarətə götürülüb və soyutma işləri aparılır. Burada təxminən 40 hektar ərazidə yanğın olub. 

Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və çətin şəraitdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur. Burada yanğınla mübarizə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub.

Yanğının baş verdiyi Quba rayonunun Qoşabulaq kəndi yaxınlığında də yanğınsöndürmə əməliyyatları davam etdirilir. Görülmüş müvafiq tədbirlər nəticəsində burada qeydə alınan yanğın artıq nəzarətə götürülüb və soyutma işləri aparılır.

Qeyd edək ki, avqustun 15-dən etibarən Şimal regionunda baş verən yanğınlar nəticəsində bu günədək təxminən 5 min hektar ərazi yanıb.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir

***

Şabran rayonunun Çuxurazəmi kəndindəki meşə massivində baş verən yanğın artıq lokallaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deyib.

Bildirilib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:

"Soyutma işləri davam edirilir".

Qeyd edək ki, Şabran rayonu ərazisində yanğınlar avqustun 15-dən etibarən başlayıb. Ötən gecə isə rayonun bəzi kəndlərində baş verən yanğınlar söndürülüb.

.

***

Avqustun 15-dən etibarən Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində qeydə alınmış yanğınlar bu gün axşam saatlarında tam söndürülüb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yanğın nəticəsində Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında təqribən 4 hektar ərazidə kol-kos və qurumuş ağaclar, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində ümumilikdə 32 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və qurumuş ağaclar yanıb.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal və Şimal-qərb Regional mərkəzlərinin müvafiq qüvvələri, eyni zamanda Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, "Azərsu" ASC-nin və yerli icra orqanlarının əməkdaşları iştirak edib.

***

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki,  yanğınsöndürmə əməliyyatları əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilir: 

"Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilir.

Belə ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edir. Bundan əlavə yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası cəlb edilib. Həmçinin yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edir.

Hazırda nəzarətə götürülən yanğın baş vermis ərazilərdə soyutma işləri aparılır. İsti və küləkli hava şəraitinə baxmayaraq, yanğın ocaqlarının tam söndürülməsi məqsədi ilə əməliyyatlar davam etdirilir".

***

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, Çıraqqala qalasından “Qalaaltı” İstirahət Mərkəzinə doğru yuxarıdan aşağı istiqamətdə soyutma işləri aparılır.

Bu gün səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib. Tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, nazir müavini E.Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. O deyib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant E.Mirzəyev baş vermiş yanğınların qarşısının alınması ilə bağlı Şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

Xatırladaq ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin, yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.

Hazırda yanğınlarla mübarizə davam etdirilir.

***

17.08.2022.Şabran rayonu ərazisində baş verən yanğın qaz təsərrüfatına da zərər vurub.

Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb:

"Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib. Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Yanğın nəticəsində 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib"

***

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermis yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib.

Yanğının “Qalaaltı” İstirahət Mərkəzinin ərazisinə keçməməsi üçün Nazirliyin yanğısöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. “Qalaaltı” İstirahət Mərkəzinin baş verə biləcək yanğından mühafizə edilməsi məqsədilə su hidratlarının effektiv tətbiqi üçün lazımi avadanlıqlar hazır vəziyyətə gətirilib, müdafiə xətləri qurulub.

“Qalaaltı” İstirahət Mərkəzinə yaxın olan meşəlik ərazidə yanğın istiqamətində soyutma işləri davam etdirilir.

***

Xudat ərazisində meşə massivində yanğın başlayıb.

Mia.az xəbər verir ki, Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində biçilmiş taxıl sahəsi və meşə massivində yanğın başlayıb. Təxminən ümumilikdə 30 ha, ərazi yanıb.

Məlumat üçün onuda qeyd edək ki, ərazidə Xudat-Xaçmaz və əks istiqamətdə avtomobillərin gediş-gəlisi i tənzimləmək üçün muvəqqəti postlar qoyulub.

Yanğın baş verən əraziyə hal hazirda FHN-nin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib.

***

16.08.2022. Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.

Mia.az xəbər verir ki, bu braədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür: “Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.

***

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

***

Şabran rayonunun Zöhrəmli kəndi ərazisində biçilmiş taxıl sahələrində baş verən yanğınlar nəticəsində bir neçə ev yanıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq yanğınsöndürən avtomobili, canlı qüvvəsi və Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

İlkin məlumata görə, yanğın təhlükəsizliyni nəzərə alaraq Zöhrəmli kəndindən sakinlər təxliyə edilir.

Əlavə məlumat veriləcək/Report.

***

17.08.2022. Azərbaycanın Şimal və Şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları və sakinlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

***

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq