Ceyhun Bayramov: "Beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb" - "Nail olacağımız çox hədəfimiz var"

img

08-08-2022 [21:26]


"Bu gün qardaş Türkiyənin beynəlxalq ədalətin təmin edilməsində gördüyü işlər bütün dünyaya nümunədir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

Son illər beynəlxalq normaların tətbiqində ciddi nöqsanların olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb: “500 illik irsə malik Türkiyə diplomatiyası və sizin (Türk diplomatların-red) əldə etdiyiniz uğurlar ölkənizin beynəlxalq aktorluğunu günü-gündən artırıb. Dünyanın 5-ci ən böyük diplomatik şəbəkəsi Türkiyəni bu gün daha da güclü edib. Türkiyə diplomatiyada innovasiyaların inkişafında lider ölkəyə çevrilib. Biz Türkiyənin diplomatiyada mərkəzi və lider ölkəyə çevrilməsini alqışlayır və sizin uğurunuzu uğurumuz hesab edirik"/Report.

Mia.az-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var: “Bənzərsiz münasibətlərimizdə artıq Türkiyə diplomatlarının Azərbaycanın mənfəətlərini, Azərbaycan diplomatlarının Türkiyənin mənfəətlərini müxtəlif beynəlxalq platformalarda öz dövlət maraqları kimi qoruması və təşviqi səviyyəsinə çatmışıq. Bunun ən gözəl örnəkləri dövlət başçılarımız tərəfindən gerçəkləşdirilir. Münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bununla birlikdə hələ gedəcəyimiz yolumuz, nail olacağımız çox hədəfimiz var ki, bu yolda da hər birimizə uğurlar diləyirəm”.

Nazirin sözlərinə görə, torpaqlarımızın işğaldan azad edən zaman Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstək təkcə qardaşlıq münasibətlərimizin təzahürü deyil, həm də Türkiyənin haqqın, hüququn, ədalətin yanında olmasıdır: “Bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, Türkiyə diplomatları bütün platformalarda azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışıb və haqq sözümüzün eşidilməsi üçün var gücləri ilə mübarizə aparıblar. Azərbaycanın Türkiyənin olmadığı platformalarda etdikləri kimi, qardaş Türkiyənin diplomatları da bunu bizim olmadığımız yerdə həyata keçirirlər ki, səsimiz, sözümüz eşidilsin".

Sonda Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, habelə Türkiyə diplomatlarına təşəkkür edib.

“Bundan sonra birlikdə səmərəli fəaliyyətimizin uğurunu yaşamağı arzu edirik”, - nazir əlavə edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR