AZƏRBAYCAN ORDUSUNDAN QİSAS ƏMƏLİYYATI: "Erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, bəzi yüksəkliklər azad olunub və..." - MN açıqlama yaydı (VİDEO/Yenilənib)

img

03-08-2022 [19:07]


Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.  Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub:

"Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq".

.

***

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus hərbi avtomobil məhv edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında terrorçulara zərbə endirib.

Nəticədə “Ural” markalı hərbi yük avtomobili sıradan çıxarılıb.

***

Azərbaycan Müdafiə Nazirliyi Qarabağ zonasında yaşanan gərginliklə bağlı açıqlama yayacaq.

Təmas xəttindən gələn müxtəlif tipli xəbərlərlə bağlı Qazet.az Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovla əlaqə saxlayıb.

“Bu barədə məlumatı dəqiqləşdirib mətbuata xəbər verəcəyik”, - deyə Anar Eyvazov bildirib/Oxu.az.

***

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə Azərbaycan Silahlı Qüvvələrinin erməni terrorçu qruplaşmalarına qarşı həyata keçirdiyi cəza tədbirləri nəticəsində Kəlbəcər rayonunun Heyvalı kəndində artilleriya hərbi hissəsi və azı bir post məhv edilib.

Report xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Qeyd olunub ki, qanunsuz silahlı dəstələrin üzvləri arasında xeyli sayda ölənlər və yaralananlar var.

APA isə yazır ki, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 silahlının məhv edilib, azı 8 silahlı dəstə üzvü isə yaralanıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR