AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ÖZBƏKİSTAN ARASINDA YENİ BƏYANNAMƏ İMZALANDI - Nazirlər birgə mesajlar verdi (FOTOLAR)

img

02-08-2022 [12:57]


“Bugünkü görüş yüksək səviyyəli danışıqların məntiqi davamı və üç strateji və mənəvi cəhətdən yaxın tərəfdaş dövlət üçün tamamilə yeni əməkdaşlıq formatıdır ki, bu da regional və beynəlxalq siyasətin aktual məsələlərinin hərtərəfli müzakirəsi üçün unikal imkan yaradır”.

Mia.az xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə deyib.

Nazir bildirib ki, bu gün biz nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturunun inkişafı yolu ilə də qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti və qeyd-şərtsiz dəstəyini bir daha təsdiqlədik: "Üzvləri Özbəkistan, Azərbaycan və Türkiyə olan beynəlxalq təşkilatlar çərçivəsində səylərin əlaqələndirilməsini davam etdirməyə hazır olduğumuzu bildirdik. Eyni zamanda, tərəflər bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının birinci zirvə toplantısına hazırlığı müzakirə ediblər. Belə bir qarşılıqlı fəaliyyət formatının yaradılması təşəbbüsünə görə azərbaycanlı həmkarlarımıza, dəstəyə görə isə türkiyəli tərəfdaşlarımıza minnətdarıq”.

Nazirin sözlərinə görə, milli ənənələr, dil, mədəniyyət və dinə əsaslanan mədəni-tarixi yaxınlıq, çoxəsirli əlaqələr qədimdən bəri ölkələrimizi bir-birinə bağlayır: "Dövlətlərimizin başçılarının müəyyən etdiyi siyasi iradə və kurs sayəsində Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bu gün əməkdaşlıq tarixində ən yüksək səviyyədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci ilin martında rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfəri strateji tərəfdaşlığımızın yeni mərhələsini açıb, bütün sahələrdə ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə təkan verib”.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov isə deyib ki, Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib.

Nazir bildirib ki, o, görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.

O xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.

C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Nazir əlavə edib ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni üçtərəfli əməkdaşlıq formatı müxtəlif sahələr üzrə birgə layihələrin işlənib hazırlanmasına və həyata keçirilməsinə öz töhfəsini verəcək və qarşılıqlı maraq kəsb edən regional məsələlər üzrə əməkdaşlığı möhkəmləndirəcək: "Biz energetika, xüsusilə də bərpa olunan enerji mənbələri sahəsində imkanları nəzərdən keçiririk”

C.Bayramovun sözlərinə görə, Daşkənd Bəyannaməsi və üçtərəfli görüşün nəticələri bütün tərəflərin əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu sübut edir: “Qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafla bağlı çağırışların artdığı dövrdə Özbəkistan, Azərbaycan və Türkiyə arasında yeni üçtərəfli platforma regional əməkdaşlığı inkişaf etdirmək üçün mövcud səylərə uyğun gəlir. Gözləyirik ki, xarici işlər, iqtisadiyyat, nəqliyyat nazirlərinin rəhbərlərinin iştirakı ilə bu unikal əməkdaşlıq formatı ikitərəfli əlaqələrlə yanaşı, sektorlararası qarşılıqlı fəaliyyətin, iqtisadi-ticari əlaqələrin, həmçinin transsərhəd biznes fəaliyyətinin genişlənməsinə töhfə verəcək”.

O, yeni platformanın gələcəkdə nəzərdən keçiriləcək daimi formata çevriləcəyinə əminliyini qeyd edib: "Nəqliyyat infrastrukturunun inkişafına əsaslanan nəqliyyat kommunikasiyaları sahəsində səmərəli və davamlı əməkdaşlığın təmin edilməsi məqsədilə bu əməkdaşlığı gücləndirmək üçün birgə və əlaqələndirilmiş səylər həlledici əhəmiyyət kəsb edir”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə qeyd ediib ki, Türk Dövlətləri Təşkilatının sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək: “Özbəkistan ilk dəfə Türk Dövlətləri Təşkilatına sədrlik edəcək. İnanırıq ki, Səmərqənd sammiti ölkələrimizin əməkdaşlığında yeni səhifə açacaq”.

M.Çavuşoğlu əlavə edib ki, Ankara ilə Daşkənd arasında münasibətlər genişmiqyaslı strateji tərəfdaşlıq xarakteri daşıyır, Türkiyə ilə Azərbaycan arasında dialoq isə müttəfiqlik səviyyəsindədir.

İqtisadi əməkdaşlığa toxunan Türkiyənin xarici işlər nazirin sözlərinə görə, ölkəsinin Azərbaycan və Özbəkistanla ticarət dövriyyəsində artım var: “2021-ci ilin sonunadək Azərbaycanla ticarət dövriyyəsi 5 milyard dollara, Özbəkistanla isə 3,6 milyard dollara çatıb. Rəsmi Ankara bu rəqəmləri daha da artırmağı və ölkələrimizin liderləri tərəfindən müəyyən edilmiş 10 milyard dollar həddinə çatdırmağı hədəfləyir”.

O vurğulayıb ki, Türkiyə türk dövlətləri ilə əlaqələri qarşılıqlı faydaya və maraqlara hörmət əsasında daha da inkişaf etdirməyi hədəfləyir.

***

“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə paylaşım edib: “Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”.

Xatırladaq ki, Daşkənd Bəyannaməsi Azərbaycanın postmünaqişə dövründəki bərpa prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayıb: “Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır. Azərbaycan tərəfi Türkiyə və Özbəkistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma üzrə infrastruktur layihələrində işlərində iştirakını yüksək qiymətləndirir”.

Bundan başqa, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzuru və Azərbaycanın Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR