Deputatdan gömrükdəki qruplaşma haqqında maraqlı açıqlama: "...nehrəmlilərin vəzifələrdə geniş təmsil olunması onlara ana südü qədər halaldır"

img

24-07-2022 [16:55]


“YAP-ın hakimiyyətdə olduğu dövrdə naxşıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır”.

Mia.az moderator-a istinadla xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

O, Gömrük Komitəsi ilə əlaqədar cəmiyyətdə geniş müzakirə olunan məsələyə – dövlət qurumunda regionçuluq və tayfabazlığa münasibət bildirib:

“Bu məqsədyönlü şəkildə şişirdilmiş və ictimaiyyətə ötürülmüş məlumat idi. Naxçıvanda və Qərbi Azərbaycanda doğulub və həmin bölgələrdə şəxsiyyət kimi formalaşmış insanlar düşmən içərisində yaşamaları və ya təcrid olunmaları, iqlimin insan xarakterinə təsir imkanları və kasıblıq səbəbindən müqayisədə daha sosial fəal olublar. Məhz buna görə xalq hərəkatının önündə olan səxslərin sırasında bu bölgədən olan insanlar çoxluq təşkil edirdi. Buna görə həm müxalifətdə, həm iqtidarda onların xüsusi çəkisi artıq idi.

AXC hakimiyyəti dövründə də belə idi. Kiçik bir araşdırma aparsanız görəcəksiniz ki, o zaman universitet partası arxasından nə qədər adam Prezident Administrasiyasında, başqa dövlət orqanlarında yüksək vəzifələrə təyin olunmuşdular. Yüksək vəzifəyə təyinat alanların bəzilərinin hətta ya ali təhsili yox idi, ya da ixtisası uyğun deyildi.

Mərhum prezident Heydər Əliyevin liderliyi ilə YAP Naxçıvanda təsis olunub və onun avanqard hissəsini qeyd etdiyim regiondan olanlar təşkil edirdi. Heydər Əliyevin yenidən siyasi karyera qazanmasında nehrəmlilərin müstəsna xidməti olub.

Hakim kommunist partiyasının ciddi təzyiqlərinə baxmayaraq o, Nehrəmdən deputat seçildi, sonra Naxşıvan MR cəbhəçilərinin və Naxçıvan camaatının ciddi dəstəyi ilə kommunistlərin müqaviməti qırıldı və Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri oldu.

Ona görə YAP-ın hakimiyyətdə olduğu dövrdə naxçıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır. Bütün inkişaf etmiş ölkələrdə də qalib gəlmiş partiya öz tərəfdarlarını hakimiyyətə gətirir. Milli mentalitet də nəzərdən qaçırılmamalıdır.

Düzdür, belə bir deyim var, hər şey ya zamanla dəyişir, ya da bir şəxslə. Hazırına nazir olan gənc kadrlar keçmişi öyrənməsələr də, yaxud unutdurmağa çalışsalar da, eyni zamanda YAP-da təmsil olunan həmin bölgənin adamları müdrikcəsinə sussalar da, fakt faktlığında qalır.

YAP Azərbaycanın beynəlxalq arenada həmişə etibarlı tərəfdaş olması ilə öyünüb, bu daxildə öz tərfdarlarına münasibətdə də belə olmalıdır. Çünki indi, gərgin geosiyasi oyunların oynanıldığı bir dönəmdə, Azərbaycana həmişə olduğundan daha çox sabitlik və harmoniya lazımdır. Ona görə hakimiyyət daxilində təfriqə salmaq üçün klanlar arası savaş adı altında naxçıvanlıların təxribatçı qüvvələr tərəfindən hədəfə alınması yersizdir, ziyanlıdır. Korporativ maraqlar kənara atılmalı, dövlət maraqları hər şeydən üstün tutlmalı, insanlar siyasi mənsubiyyətinə, dövlətə sədaqətinə, bilik və bacarıqlarına, təcrübələrinə görə irəli çəkilməlidirlər.

Bilik və bacarıq, təcrübə isə rus və ingilis dillərini bilmək, yaxud yaxın dost-tanış demək deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR