İlham Əliyevlə Avropa Komissiyasının prezidenti geniş tərkibdə görüşdü, birgə bəyanat verdilər - Yeni saziş imzalandı - FOTOLAR (TAM ÇIXIŞ)

img

18-07-2022 [19:57]


İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib.

Mia.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Xoş gəlmisiniz, xanım Prezident. Sizi görməyimə çox şadam. Səfərinizə görə minnətdaram. Səfəriniz həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Çox şadıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bizim siyasi münasibətlərin inkişafı baxımından, sözün əsl mənasında, çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman gündəliyimizdə üstün yer tutub. Bu gün xüsusən də belədir. Hesab edirəm ki, çox yaxşı nəticələrimiz, nailiyyətlərimiz var. Bu ilin əvvəlində, xanım komissarın səfərindən sonra, biz enerji dialoqunu başlamışıq. Fikrimcə, bu, həmçinin qarşılıqlı marağın çox yaxşı əlamətidir.

Enerji təhlükəsizliyinə aid məsələlər birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biridir. Lakin bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə etdiyimiz məsələlər potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Əminəm ki, səfəriniz zamanı biz bu və digər məsələləri müzakirə edəcəyik. Həmçinin bizi bu gün çox mühüm mərasim gözləyir və o, enerji sahəsində yeni geniş əməkdaşlığın başlanmasından xəbər verəcək.

Xoş gəlmisiniz. Sizə uğurlu səfər arzulayıram.

x x x

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen deyib:

- Çox sağ olun. Səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Həqiqətən söylədiyiniz kimi, bizim aramızda uzunmüddətli tərəfdaşlıq var. Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Əla münasibətləri daha da dərinləşdirmək istəyirik. Bu gün imzalayacağımız Anlaşma Memorandumuna nəzər salsaq, qeyd etməliyəm ki, ilk növbədə, həmin sənəd nümayəndələrimizin apardığı əla işin nəticələrinə əsaslanır. Orada enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir. Bir sözlə, sənəd bu gün təfərrüatla müzakirə etdiyimiz bütün məsələləri əhatə edir. Əlbəttə ki, sizin də söylədiyiniz kimi, Anlaşma Memorandumundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş də nəzərdə tutulur. Bunu elə indicə xarici işlər naziri ilə müzakirə etdik - həmin sazişə yeni təkan verək, daha irəliyə gedək və qalan məsələləri müzakirə edək.

***

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Aİ-yə təbii qaz nəqlinin artırılması haqqında saziş imzalanıb.

Mia.az xəbər verir ki, imzalanma mərasimi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen arasında Bakıda baş tutan görüş çərçivəsində keçirilib.

***

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər.

Mia.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

- Hörmətli xanım Prezident.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən Avropa Komissiyasının xanım Prezidentini və Avropa İttifaqının nümayəndə heyətini Azərbaycanda salamlamaq istərdim. Bu gün bizim geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirəmiz baş tutdu. Biz bu gün gündəliyimizdə dayanan bütün məsələləri əhatə etdik. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi oldu. Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.

Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir.

Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur. Əlbəttə ki, gündəliyimiz çox genişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Xanım Prezident, bizimlə olduğunuza görə bir daha təşəkkür edirik və Sizə Bakıda xoş səfər arzulayıram.

Sonra Avropa Komissiyasının Prezidenti bəyanatla çıxış edib:

- Burada, Bakıda çox səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir.

Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.

Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Cənab Prezident, Siz artıq bununla bağlı fikirlərinizi bildirdiniz. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.

Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur. Cənab Prezident, bunu Sizinlə də müzakirə etdik – mən Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var.

Prezident Əliyev və mən enerjidən əlavə, əlaqələrimizin və əməkdaşlığımızın bütün aspektlərini müzakirə etdik. Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının sabah Brüsseldə iclası baş tutacaq və orada ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir. Bu, bizim üçün Sizin də qeyd etdiyiniz bağlılıq mövzusu baxımından da olduqca vacibdir. Biz bunu da müzakirə etdik. Bu mənada xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir.

Bu, bizim qlobal qapı strategiyamızın başlıca missiyasıdır və həmçinin Şərq Tərəfdaşlığının mahiyyətidir. Avropa İttifaqı Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır. Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik. Nəhayət, biz vahid hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik. Çünki bu, biznes, ticarət və turizm imkanlarına böyük təkan verəcəkdir.

Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir. Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir. Məsələn, biz bu ölkədə minalardan təmizləmə sahəsində ən böyük donoruq. Biz bu vacib mövzunu da müzakirə etdik. Biz bu məqsəd üçün 4.25 milyon avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif edirik.

Cənab Prezident, ümumiyyətlə, Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək. Bir daha bizi burada qəbul etdiyinizə və birgə Anlaşma Memorandumunun imzalanmasına görə təşəkkür edirəm. Sağ olun.

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR