Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirilib

img

13-06-2022 [12:35]


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-dan 11-dək 2022-2023-cü tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirib.

Mia.az DİM-ə istinadla xəbər verir ki, qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanın Əməkdar Jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”), filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova, filologiya elmləri namizədləri Natəvan Atamoğlanova və Sevinc Məmmədova (Bakı Dövlət Universiteti) imtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini və jurnalistika üzrə nəzəri və praktiki biliklərini qiymətləndiriblər.

QİK üzvləri ilk növbədə bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirib və qiymətləndiriblər.

Daha sonra, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşü səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində onlara müvafiq suallar verilib, müsahibənin gedişində komissiya üzvləri hər bir bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları həll etmək bacarığını, həmçinin müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran suallar veriblər. Sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavrlar intellektual səviyyələrini, dünyagörüşlərini, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilmələrini nümayiş etdiriblər. Qabiliyyət imtahanında hər bir bakalavra 30 dəqiqə vaxt ayrılıb.

Qabiliyyət imtahanında iştirak edən 33 nəfər bakalavrdan 4 nəfər imtahanda iştirak etməyib, 29-u “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb. Həmin bakalavrların nəzərinə çatdırırıq ki, onlar iyun ayı ərzində keçiriləcək ixtisaslaşma seçimi müddətində jurnalistika üzrə 44 saylı proqrama aid ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər. Məlumat üçün bildiririk ki, qabiliyyət imtahanında uğur qazanan bakalavrlardan 26 nəfər jurnalistika ixtisasını, 1 nəfər kitabşünaslıq, 1 nəfər sənətşünaslıq, 1 nəfər xarici dil müəllimliyi ixtisaslarını bitirənlərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR