Novruz bayramının "Bahar qızı": "Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma..." - FOTOLAR

img

12-05-2022 [14:25]


Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə  təltif olunanlar arasında Azərbaycanın Xalq artisti Nubar Qulu qızı Novruzova da var.

Təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Səhnəyə gəldiyi ilk gündən özünəməxsus məlahətli səsi, sözləri, fikirlərini fərqli tərzdə ifa etmək bacarığı, bir də özündən çox danışan ala gözləri, gözəlliyi ilə seçilən Azərbaycanın Xalq artisti Nübar Novruzova. 

İlk gündən həm teatr, həm televiziya, həm də kino rejissorlarının diqqətini cəlb edən xanım aktrisamızı sevdirən digər səbəb lirik-psixoloji səpgili, dramatik obrazların çox maraqlı tərzdə ifa bacarığıdır.

Onun haqqında düşünəndə nədənsə bir televiziya tamaşasını (Unudulan adam) daha çox xatırlayıram. ...

Az qala ürəkləri çəkən bu obrazda onun temperamentli səsində sanki sevən bir qəlbin ümidsiz pıçıltılsrını eşidir, az qala ürəyini də görmək olurdu...

Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Nübar Novruzovadan söhbət açmaq istəyirik. 

Qısa arayış: 

1958-ci il martın 8-də (sənədlə 1 martdır) Naxçıvanda dəniz kimi mavi gözlü bir balaca qız dünyaya gəldi. Adını Nübar qoydular.

Nübar Qulu qızı Novruzova - ona sonralar ona "Çalı quşu" da deyərdilər.  

Uşaqlıqdan aktrisa olmağı arzulasa da, ailəsi onun bu istəyi ilə razılaşmırdı.  

Naxçıvanda, orta məktəbdə oxuyanda onu Naxçıvan Televiziyasının ekranlaşdırdığı bir filmdə kiçik rola çəkirlər. Həmin filmdən sonra müəllimləri ona deyirlər ki, səndən gözəl aktrisa olar. Həmin vaxt musiqi məktəbində fortepiano sinfinə gedən aktrisanın atası da onun musiqiçi olmağını istəyirmiş.

Nübar Novruzova müəllimlərinin istəyi ilə sənədlərini İncəsənət İnstitutuna verir və qəbul olunur. 

1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva... kimi pedaqoqlardan dərs alır. 

Aktrisa həmin güləri belə xatırlayır:

“Heç yadımdan çıxmaz, mən imtahana girəndə müəllimlər baxıb gülürdülər, mənsə özümü itirmişdim ki, görəsən, nəyə gülürlər. Gah əlimlə paltarımı düzəldirdim, gah da saçımı. Sən demə, məndən xoşları gəldiyi üçün gülürlərmiş. Müəllim sarıdan bəxtim çox gətirib. İnstitutda da oxuyanda həmişə baş rolları mənə verirdilər. İnstitutu bitirəndə Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov və bir çox tanınmış sənət adamları mənim diplom tamaşalarıma baxmışdılar. Tofiq Kazımov mənə "Şöhrət və unudulan adam" tamaşasında rol verdi. İstəyirdilər ki, mən "Azdrama"ya gedim. Amma mən Gənc Tamaşaçılar Teatrını seçdim. Ona görə ki, boyum balaca idi. Düşünürdüm ki, boyu balaca aktrisa Akademik Milli Dram Teatrında gedib nə edəcək? İndi orda balaca boy aktrisalar var. O zaman yox idi. Şəfiqə Məmmədova, Amaliya Pənahova orda idi. Mən televiziyada mərhum böyük sənətkarımız Yusif Vəliyevlə bir tamaşada oynadım. O mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi”.

Beləcə, 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilir. 

Daim axtarışlar aparan, yorulmadan çalışan Nübar xanım az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir.

Aktrisanın ən uğurlu rolu Tariyel Vəliyevin quruluşunda hazırlanan “Geriyə yol yoxdur” tamaşası olur. Orada Kamal Xudaverdiyevin qızı rolunu canlandırır.

O, "Sən nə üçün yaşayırsan?", "Sən həmişə mənimləsən", "Aydın", "Oliver Tvistin macəraları", "Viktoriya", "Əcəl atı", "İtalyansayağı xoşbəxtlik", "Ağ ölüm", "Ana" tamaşalarında, "İmtahan", "Kuklalar", "Qəm pəncərəsi", "Qızıl uçurum", "Qəzəlxan" filmlərində də maraqlı rollar ifa edib.

Bu tamaşadan sonra Nübar Novruzova “Bir ailədə” adlı tamaşada oynayır və uğur qazanır. Xalq artisti Səməndər Rzayev bu tamaşadan sonra onun alnından öpüb deyir: “Azərbaycan səhnəsinə yeni bir istedad gəlib”.

Aktrisa "Qonşu qonşu olsa", Ağca — ("Qaraca  qız" S.S.Axundov, A.Şaiq), Xumar — ("Qızaran üfüqlər"), Leyla — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli), Qumru — ("Sabah çoxdan başlanır", Rəhman Əlizadə), Nazlı — ("Ərizə", Əli Əmirli), Bala Dovşan — ("Çal oyna", İskəndər Coşğun), Bahar — ("Ana laylası", İskəndər Coşğun)Qadın — ("Unutmağa kimsə yox", Kamal Abdulla), Naza — ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev), Yetər — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Şeytan — ("Toxmaq Əhməd", Rauf İçərişəhərli) Naza — ("Ləyaqət", Marat Haqverdiyev), Nargilə — ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Jannina — ("Məzəli hadisə", Karlo Qoldoni)Sona xanım — ("Hacı Qara", Mirzə Fətəli Axundov)Böyükxanım — ("Aydın" C.Cabbarlı)Zalxa — ("Hekayəti-xırs quldurbasan" M.F.Axundov), Ana — ("Ələddinin sehrli çırağı" N.Kazımov), Tənbəl qız — ("Göyçək Fatma" Azərbaycan xalq nağılı), Missis Sauberi — ("Oliver Tvistin macəraları" Çarlz Dikkens)Qonşu — ("Viktoriya" Knut Hamsun)Sədəf qarı — ("Əcəl atı" Vaqif Əlixanoğlu)Səkinə — ("Mən səni sevirəm" Əli Əmirli)Dayə — ("Romeo və Cülyetta" U.Şekspir)Xeyransa — ("Buzovna kəndinin əhvalatları" Elçin) Yelena xala– ("Dörd əkizin nağılı" P.Pançev), Markolfa — ("İtalyansayağı xoşbəxtlik" D.Fo, P.Filippo), Ana — ("Ağ ölüm" V.Siqarev) və s. tamaşalarda rol almışdır. 

Filmoqrafiyasında Ağ atlar üçün vals (film, 1987) (tammetrajlı televiziya tamaşası (Aztv), Bizim Bayram (film, 2008), Cin mikrorayonda (film, 1985), Çölçü (film, 2012), Duel (film, 1995), Həkimlər İmtahan (film, 1987), Koma 0,1 saniyədə (film, 2007), Kuklalar (film, 2009), Qəm pəncərəsi (film,1986), Qəzəlxan (film, 1991), Qızıl uçurum (film, 1980), Mənim günahım (film, 1985), Şəkilçi və şəkilçi... (film, 1995), Unudulan adam (film, 1987) film və tamaşaları da yer almışdır.

Onun son illərdə oynadığı Hüseyn Cavidin “Ana” tamaşasındakı Ana obrazı  mərd, cəsur, vətənpərvər, humanist bir Azərbaycan xanımının  obrazıdır. Nübar xanım bu obrazı elə cizgilərlə yaratmışdır ki, istər-istəməz bu anaya, onun həyat məramına, yəni Hüseyn Cavidin Anasına inanırsan. Şərq qadınının şərəf və namusunun təcəssümçüsü olan Ana oğlunun qatilini evində gizlədir və onu ölümdən qoruyur. Bu, birinci növbədə, Qurani-Kərimə istinaddırsa, ikinci bir tərəfdən ananın mərhəmətini göstərir. 

Nübar xanım Ananın əhvali-ruhiyyəsinə uyğun olaraq, hıçqırıqlarını gizlədir, təəssüflə, eyni zamanda qətiyyətlə deyir: “Cəzanı  Allahından bul!” 

Belə bir əxlaq, düşüncə tərzi yalnız Şərq qadınına məxsusdur. Ananın möhtəşəmliyi tədbirli el ağbirçəyi olmasından, namusla övlad böyütməsindən, onun mərd yetişməsindən, ağıllı, həm də hadisələrdən məntiqi nəticə çıxartmaq bacarığından irəli gəlir. 

Ananın möhtəşəmliyi bütün prosesdə aydın şəkildə görünür. Oğlu ölən ananın fəryadı ürək göynədir. Axı, yeganə övladını, özü də mərd, qoçaq, igid bir oğulu itirmək çox ağır faciədir. Aktrisa bu faciəni yaşayır və Ananın ağrılarını, duyğularını bizə ötürə bilir. 

Finalda “Vağzalı” səslənir. Aktrisa onun sədaları altında Ananın matəmini, nisgilini, dağılmış bir ailənin faciəsini çatdırmaq üçün qol-qanadı qırılmış quş kimi aramla rəqs edir... 

İnanılmaz, sözlə ifadə olunması çətin olan möhtəşəmliyi aktrisanın böyük istedadını, təcrübəsini, sənət sevgisini bir daha təsdiq edir. 

Ümumiyyətlə, Nübar Novruzova obrazlarına çox ciddi, məsuliyyətlə yanaşan bir aktrisadır.  Bu da ondan irəli gəlir ki, o, səhnə sənətini sevir, aktrisa kimi missiyasını düzgün anlayır. Tamaşaçı məhəbbətini qazanmaq olar, amma onu 30, 40, 50 il qoruyub saxlamaq asan məsələ deyil. Nübar xanım  bu məhəbbəti obrazlarına, teatra, ekrana təmiz münasibəti, istedadı  ilə qoruyub saxlaya bilir. 

Qeyd:

Hələ teatra gəlməmişdən əvvəl bu gözəl aktrisanın tanıyır və sevirdilər. Ölkəmizdə Novruz bayramları qeyd edilməyə başlayanda Nübar xanım 1981-ci ildə 2-ci Bahar qız olmuşdu. Elə həmin il köhnə Sovetlər məkanında foto-model üzrə gözəllik yarışmasının qalibi - üz modeli seçilmişdir. 

Xatirələrdən: 

Aktyor Gənc Tamaşaçılar teatrına işə düzələndə, oranın binası sökülür, təmirə başlanır. O, "Aktyor Evi"ndə, Mədəniyyət Sarayında məşqlər edir. Əsasən də, qastrollara gedir və gecə-gündüz işləyir. O zaman teatrın bəzi aktrisaları analıq məzuniyyətində olduğundan teatrın bütün yükü onun üzərinə düşür. Ancaq onun əmri verilmir. Heç maaş da almır. Televiziya verilişlərinə çəkilir, qonorarla yaşayır. Evi olmur, kirayələrdə yaşayır. 

Düz bir il sonra isə maaş alır.

***

Nübar xanım çox gözəl olduğundan gəncliyində baş rollar ona həvalə olunur. Aktrisa həmin illəri xatırlayarkən deyir:

“Desəm ki, gözəl olmuşam, bu, düzgün olmaz, mənim haqqımda başqaları nəsə deyə bilər. Şəkillərimi göstərə bilərəm. 1981-ci ildə Leninqradda keçirilən gözəllik foto-müsabiqəsinin qalibi olmuşam. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı. Sizə bir söz deyim də, o vaxtlar indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. Bircə problemim vardı: boyumun balacalığı. Amma boyuma görə də bədən ölçülərim vardı. Mən qrim otağına girəndə hamı gizlincə mənə baxırdı. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. İlk dəfə elə bildim ki, Ornellanın da şəkli mənim hansısa tamaşadan çəkilən şəklimdir. Özündən soruşdum ki, Sara xala, bu, hansı tamaşadan çəkilən fotodur? Qayıtdı ki, bu, Ornella Mutidir, səni bu aktrisaya bənzədirəm. Bilmirəm, gəncliyimə görə idi, ya gözəlliyimə, sənətimə görə, nədənsə, məni çox istəyirdilər. Yaxınlaşan hər kəs məni “krasotka” deyə çağırırdı. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim”.

 ***

Aktrisa bir az gec ailə həyatı qurur və analıq məzuniyyətinə çıxır. Ana olmağa hazırlaşdığı günlərin birində səhnədə rolunu canlandıran zaman vəziyyəti pisləşir. Həkim müayinəsindən sonra məlum olur ki, aktrisanın bətnindəki uşaq tələf olub. Bir müddət sonra növbəti dəfə ana olmağa hazırlaşan aktrisa ağır qəza keçirir. Və ikinci övladını da itirir. Uzun illər analıq hissindən məhrum olan aktrisa bir də bu səadətə qırx yaşında çatır. Onun bir qızı dünyaya gəlir.

Övladı doğulandan sonra teatra qayıdanda ona qarşı birmənalı münasibət olmur. 45 yaşlı aktrisaya “niyə gəlmisən” sualını verənlər də olur. Əvvəl oturduğu qrim otağında oturmasına imkan vermirlər.

 ***

Gənclik illərində teatrda hər kəsin həsrətində olduğu Kleopatra rolunu canlandırıb. Çəkiliş zamanı səbətdə üç ilan gətirirlər. Kənd qızı olmağına, at çapmağına baxmayaraq, Nübar Novruzova ilandan bərk qorxur. İlanları görəndə, onu əsməcə tutur, qorxuya düşür. Ancaq sonradan rolun təsirinə necə düşürsə, əl atıb ilanı götürür və sinəsinə qoyur. Aktrisa rolunu ifa edən zaman ilan onun sinəsini sancır, ancaq o, rolunu yarımçıq saxlamır, davam etdirir.

 ***

Bir dəfə isə Elçinin “Qar qız” tamaşasında o, Qar qızı canlandırır. Külək rolunu oynayan aktyor onu götürüb necə fırladırsa, Nübar xanım səhnə kənarındakı işıqların üstünə, ordan isə salona düşür. Əzilsə də, ayağa qalxıb roluna davam edir. 

Nübar Novruzovanın sözlərinə görə, dünyasını dəyişən həmin aktyor bu hərəkəti başqa bir aktrisanın istəyi ilə yerinə yetirmişdi ki, Nübar zədə alsın.

                            ***

Aktrisanın sözlərinə görə həsrətində olduğu rolların çoxunda iştirak etmək ona qismət olmayıb:

Nübar Novruzova: “Süküt divarı” adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər”...

Nübat Novruzova teatr sənətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatı ilə təltif olunmuşdur. 

10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 

Nübar Novruzovanın gözəl ailəsi var. Həyat yoldaşı Elçin müəllimlə yeganə qızları Fatiməni böyük məhəbbətlə, həm də əsil vətəndaş kimi yetişdirə biliblər. Fatimə xanım  bir neçə dildə sərbəst danışa bilən ali təhsilli mütəxəssisdir.

Son söz yerinə:

Nübar xanımı gözəl siması, mükəmməl aktrisalığı ilə bərabər bir də ona görə çox sevirəm ki, qızım da bu gözəl  aktrisamızın adını daşıyır. 

Çox sevdiyim xanım aktrisamızı bir daha təbrik edir, ona ailə səadəti,  övlad sevinci, gələcək fəaliyyətində bol-bol uğurlar, bir də arzuladığı,  möhür vura biləcəyi rollar arzulayırıq!

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər birliyinin üzvü

Mia.az

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR