SÜRÜCÜLƏRİN ADINA YAZILAN BÖYÜK PULLAR, 2 MİLYON BORCU OLAN ŞİRKƏTLƏ ŞÜBHƏLİ ƏMƏLİYYAT... - Energetika Nazirliyində maliyyə oyunları

img

21-04-2022 [13:59]


Azərbaycan Energetika Nazirliyində bir sıra maliyyə əməliyyatları qanunsuz aparılıb.

Mia.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə hesabatında yer alıb.

Palatanın hesabatında qeyd olunub ki, nazirlik tərəfindən 2020-ci il ərzində maliyyə əməliyyatları həyata keçirildiyi zaman şamil edilən qanunvericilik əsasında müəyyən edilmiş meyarlar ilə müqayisədə bəzi hallarda əhəmiyyətli uyğunsuzluqlar aşkar olunub: "Aparılan kənar dövlət maliyyə nəzarəti əsasında, əhəmiyyətli, lakin geniş yayılmamış və düzəldici tədbirlərlə qarşısı alına biləcək təhriflər müəyyən edilib və bu yekun olaraq şərti müsbət rəyin verilməsinə əsas olub. Bu təhriflər, əsasən, qeyri-maddi aktivlərin, ehtiyatların, torpaq, tikili və avadanlıqların, həmçinin sair əməliyyat xərclərinin uçotu zamanı bəzi hallarda yanlış yanaşmalarda istifadə edilməsi səbəbindən yaranmış uyğunsuzluqlardan əlaqəli olmaqla, yekunda maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərib. 

Bundan əlavə, nazirlikdə daxili nəzarət sisteminin yetərli dərəcədə adekvat olmaması səbəbindən fəaliyyəti çərçivəsində aparılmış əməliyyatlara şamil edilən qanunvericilik çərçivəsi və müvafiq huqüqi sənədlərin tələbləri ilə uyğunsuzluqlar müşahidə olunub. Bu sıradan cari il üzrə təsdiq edilmiş büdcə göstəricilərindən artıq xərclərin müvafiq sənədləşmə olmadan tanınması və növbəti ildə əlaqəli ödənişlərin həyata keçirilməsi, dövlət satınalmaları ilə bağlı prosedurlara dair tələblərin bəzi hallarda pozulması, yanacaq xərcləri və avtonəqliyyat vasitələrinin cari təmir xərcləri üzrə normalardan kənarlaşmalar xüsusi əhəmiyyət kəsb edən uyğunsuzluq halları kimi qiymətləndirilir".

Hesabata görə, Energetika Nazirliyinin 2 milyon manatdan çox vergi borcu olan podratçı şirkətlə “Nazirliyin informasiya sistemlərinin və ehtiyatlarının Məlumatların Saxlanılması və Emalı Mərkəzində qorunması xidməti” satınalması üzrə müqavilə bağladığı üzə çıxıb: "Podratçı şirkətin dövlət büdcəsinə 2 milyon 42 min 510,039 manat borcu olduğu üzə çıxıb. Bu da satınalma prosesində iştirak edən iddiaçının ixtisas göstəricilərinin uyğunsuzluğu kimi qeyd edilir.

Nazirliyin Mərkəzi Aparatı üzrə xidməti minik avtomobillərinin sürücülərinin məzuniyyətdə olduqları dövrdə onların yanacaqla bağlı kart hesabına ödənilməklə 2020-ci ildə 6 halda 657,3 min manat məbləğində yanacağa görə vəsait xərc edilib.

Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin dövlət büdcəsinin ehtiyat fondundan nazirliyə Araz çayı üzərində “Xudafərin” hidroqovşağının və su elektrik stansiyasının tikilməsi layihəsi çərçivəsində xərclərin və dəymiş ziyanların qiymətləndirilməsi, “Xudafərin” hidroqovşağının əvəzləmə dəyərinin hesablanması, “Xudafərin” və “Qız qalası” layihələrinin başa çatdırılması təklifini dəyərləndirilməsi üçün yeni yetiriləcək işlərinə dair nazirlik ilə şirkət arasında ümumilikdə 130 min ABŞ dollarının manat ekvivalenti dəyərində 14 avqust 2020-ci il tarixində müqavilə imzalanıb. 26 avqust 2020-ci il tarixində müqavilə məbləğinin 30 %-i həcmində 60 180 manat məbləğində qabaqcadan ödəniş edilib.

Qeyd edilməlidir ki, nazirlik ilə şirkət arasında 30 sentyabr 2021-ci il tarixində imzalanmış yerinə yetirilmiş işin təhvil-təslim aktı və təqdim edilmiş 16 dekabr 2021-ci il tarixli elektron qaimə uçotda əks etdirilməyərək, 60 180 manat hesabat ilinin sonunda qabaqcadan ödəniş kimi hesabatda və xəzinədarlıq idarəsinin üzləşmə aktında əks etdirilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR