Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə "Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.
Proses başlayan kimi P.Həşimli MTN-də təkadamlıq kamerada saxlanıldığını deyərək, bu səbəbdən də məhkəmə proseslərinin daha intensiv qaydada keçirilməsini xahiş etdi: "Məni başa düşün, MTN-dən tez köçürülməmi istəyirəm. Mən ailəmlə 7 aydır ki, görüşə bilmirəm. Bayramda ancaq xanımımı və uşağımı gördüm. 7 aydır ki, ata-anamla görüşə bilmirəm”.
P.Həşimlinin növbəti müraciəti isə T.Qurbanovun oğlu ilə bağlı oldu. Jurnalist bildirdi ki, T.Qurbanov ifadələrində dəfələrlə bildirib ki, oğlunun təhsil aldığı yerdə kəsir problemi olduğu üçün yardım məqsədilə ona müraciət edib: "Amma oğlu Yəhya Qurbanov ifadəsində bunun əksini bildirib və heç zaman kəsir problemi olmadığını deyib. Məhkəmə onun oğlunu dindirsin və onunla atasının ifadəsini qarşılaşdırsın”.
P.Həşimlinin sonuncu vəsatəti T.Qurbanovla onun arasında ciddi qalmaqal yaratdı.
T.Qurbanov hakimə müraciət edərək P.Həşimliyə xəbərdarlıq etməsini istədi.
T.Qurbanov: "Mən sənə dəfələrlə demişəm ki, ailəmin adını ağzına alma”.
P.Həşimli: "A kişi, sən mənə şər atırsan. Namusuna, şərəfinə and iç ki, mənə şər atmırsan”.
T.Qurbanov: "Xanımımın adını internetdə çəkmə, oğlumun adını ağzına alma”.
P.Həşimli: "Sənin arvadın kimin restoranında işləyir? Bunu bütün ölkə bilir. Sən üzəduransan, bütün ölkə səni belə tanıyır. Özün gəlib mənim yanımda yalvarırdın, ağlayırdın...”
T.Qurbanov: "Sən MTN zabitinin dostusan. Amma namusum haqqı, şər atmıram”.
Tərəflər arasındakı qalmaqal ağır söyüş və təhqirlərlə davam etdi. Hətta emosiyalar o həddə çatdı ki, dəmir barmaqlıqlar arxasında olan T.Qurbanov ona yaxın məsafədə olan P.Həşimlini vurmağa cəhd etdi. Məhkəmə nəzarətçilərinin müdaxiləsi və hakimin xəbərdarlığından sonra tərəflər sakitləşdi.
Proses şahidlərin ifadəsi ilə davam etdirildi. İlk olaraq P.Həşimlinin evində aparılan axtarışda iştirak edən hal şahidi Hümbətov Rafiq ifadə verdi. O dedi ki, ötən ilin 17 sentyabrında yolda MTN əməkdaşları ona yaxınlaşaraq bir axtarış prosesində hal şahidliyi etməsini istəyiblər: "Getdik evə, qapını açmırdılar. Sonra evdəki xanıma bildirildi ki, axtarış aparılmalıdır. Bir az sonra qapını açdılar. Çəkiliş də aparılırdı. Birinci mərtəbədə, sağda zal vardı, orda da divan. MTN işçisi divanın altını qaldırdı, ordan ”Makarov" çıxdı. Həyətdə də anbar vardı, qapısı da bağlı idi. Evin xanımı dedi ki, o anbar heç vaxt bağlı olmayıb, özünüz bağlamısız. Sonra MTN işçisi qapını silkələdi, qapı açıldı. Orda da taxtaların arxasında yaşıl rəngli sellofan torbada 5 qumbara vardı. Tapılanlar zalda sənədləşdirildi".
Proses P.Həşimlinin vəkili Elçin Sadıqovun şahidə suallar verməsi ilə davam etdi.
E.Sadıqov: "Müstəntiq silahı kənara qoymazdan əvvəl sizə göstərdi?”
Şahid: "Çıxarıb gətirdi. Mənim yanımda çıxarıldı silah”.
E.Sadıqov: "Bəs anbarda taxtaların arxasında tapıldığını dediyiniz qumbaranı taxtaların arxasında özünüz gördünüz?”
Şahid: "Yox, gətirib göstərdilər”.
E.Sadıqov da şahidin hər iki ifadəsi arasında ziddiyyət olduğunu dedi. Ardınca P.Həşimli suallarını verdi.
P.Həşimli: "Sizi hardan dəvət etdilər?”
Şahid: "Məni küçədən çağırdılar. 20 ildir o ərazidə yaşayıram”.
P.Həşimli: "Birinci sizin evinizə gəldilər?”
Şahid: "Yox, yolda təsadüfən gördülər”.
P.Həşimli: "Bizim küçə ilə sizinki arasında 1 kilometr məsafə var... Necə oldu ki, sizi çağırdılar?”
Hakim jurnalistin bu sualına etiraz edib bildirdi ki, bu detalın cinayət işinə hər hansı aidiyyəti yoxdur. E.Sadıqov isə öz növbəsində şahidin seçilməsi ilə bağlı istehzasını ifadə etdi: "Şahid kimi məni niyə çağırmırlar?”
P.Həşimli isə bildirdi ki, şahid Binəqədi rayonunda qeydiyyatda olan "drujina”nın üzvüdür. Şahid bunu inkar edəndə P.Həşimli MTN əməkdaşlarının evə daxil olmaq üçün dəmir reşotkanı sökməsi ilə bağlı detalı soruşdu. Şahid isə dedi ki, o, reşotkanın sökülməsindən xəbərsizdir, sadəcə, onu yerdə görüb və necə, nə vaxt çıxarılmasından xəbərsiz olub.
P.Həşimli: "Bizim evdən nə apardılar?”
Şahid: "Disklər, şəkillər, qumbaralar, silah...”
P.Həşimli: "Nə şəkilləri idi?”
Şahid: "Müxalifətlə olan şəkillər idi”.
P.Həşimli: "Abdulla Güllə, En Dersiylə şəkillərimi MTN-də gördüm.”
Şahid: "Hə, mən də gördüm. Dedilər ki, bu şəkilləri yoxlayıb baxacağıq”.
P.Həşimli: (Hakimə müraciət edərək) Cənab hakim, bizim anbarın qapısı 24 saat açıq olur. Açar da üstündə olur. MTN əməkdaşları qumbaranı anbara qoyandan sonra qapısını bağlayıb, açarını da atıblar yerə. Yoldaşım bugünlərdə həmin açarı torpağın içindən tapıb, paslanıb".
Daha sonra R.Hümbətovun ilkin istintaqa verdiyi ifadə elan edildi. Həmin ifadəsində şahid bildirib ki, MTN-çilər P.Həşimlinin yoldaşına qapını açmayacağı təqdirdə pəncərəni qıracaqlarını deyiblər. Ardınca isə pəncərənin barmaqlıqları sındırılıb, sonra qapı açılıb.
Hakim öz növbəsində zalda bu ifadədən sonra yaranan qarışıqlığa münasibət bildirərək, qapıda dayanan adamın çıxarılıb yerə qoyulmuş pəncərəni görməməsini ağlabatan hesab etmədiyi üçün məhkəmənin bunu aydınlaşdırmaq istədiyini dedi.
E.Sadıqov şahidin istintaqa verdiyi ifadəsində "mən və Rafiq” deyə başlanan cümlələrin mənasını soruşdu: "Bəyəm siz Rafiq deyilsiz? O zaman niyə o biri şahid Osmanın adından danışıb, onun ifadəsini imzalamısız?”
Şahid bunu müstəntiqin texniki yanlışlığı adlandırsa da, E.Sadıqov onun digər şahidlə nöqtə-vergülünə qədər eyni ifadə "verdiyini” dedi.
Digər şahid Tofiq Abdullayev də T.Qurbanovun maşınında aparılan axtarış əməliyyatında hal şahidliyi etdiyini dedi. O da maşında fars dilli bir qəzetə bükülü olan silah tapıldığını bildirdi. Onun sözlərinə görə, bu zaman T.Qurbanovla P.Həşimli "sən məni satdın” deyərək, bir-birini ittiham ediblər.
E.Sadıqovun verdiyi bəzi dəqiqləşdirici suallara cavab verə bilməyən şahid "mənim 75 yaşım var, dünən yediyim bu gün yadımdan çıxıb” dedi. P.Həşimli isə ümumiyyətlə bu şəxsin hadisə yerində olmadığını dedi: "Həmin vaxt hal şahidi kimi bir nəfər var idi, amma bu, o adam deyil. Çox güman ki, vəziyyəti dəyişmək üçün şahidi dəyişiblər. Bu adam ifadəsində yalan deyir. Çünki bizi Təvəkküllə ayrı-ayrı maşınlarda gətiriblər hadisə yerinə. Amma şahid deyir ki, bizi eyni maşında görüb. Biz eyni maşında olmamışıq ümumən”.
Növbəti şahid Nazim Hüseynov da bildirdi ki, P.Həşimli ilə T.Qurbanov silahlar tapılandan sonra bir-birini ittiham ediblər. P.Həşimlinin "məni hadisə yerinə hansı maşında gətirmişdilər” sualına cavabda şahid ""Volsvagen” markalı maşında, bu adamla (T.Qurbanov) birlikdə” dedi. P.Həşimli şoka düşmüş vəziyyətdə aşağıdakıları dedi: "Mən dəhşətə gəlirəm, söz tapa bilmirəm. Bu tiplər harda yetişir? Bu ölkə hara gedir? Təvəkkül mənim yanıma çatmamış 20 nəfər mənim qolumdan tutub yerə yıxdı, sonra da ağ rəngli «Prado» maşınına mindirib gətirdilər. İki nəfəri də yan-yana otuzdurmurlar. Bu boyda yalan olar?”
T.Qurbanov isə şahidin ifadəsini təsdiqlədi.
Proses aprelin 7-də, saat 10.00-da davam etdiriləcək.
musavat.com