"KAŞ Kİ, TÜKƏNƏN, YORULAN NƏFƏSİNƏ NƏFƏS OLA BİLƏYDİM, ATA!" - Ənvər Əhmədin xatirəsinə həsr olunan yazı

img

17-02-2022 [20:07]


Mən Ənvər Əhmədi Xankəndi şəhərində beynəlmiləlçilik pərdəsi altında gedən millətçilik oyunları zamanında tanıdım.

Milli ruhunu, əqidəsini-amalını sevdim! Cəsarətli insan idi! 

"...Tökülən günahsız qanlar, sönən ocaqlar, bağlanan qapılar mənə nələr deməyib. Elə bilmişəm ki, misralarım qana bələnib, Qəhərimi, nifrətimi, ürək ağrılarımı keçilməz Qarabağ, Naxçıvan, Qazax göynərtilərimi, ömrümün közü üstünə nar kimi sıxmışam...", - deyən şairin qəlbində tükənməz bir Şuşa sevgisi var idi. Bir müddət sakini olduğu Şuşa sevgisi! Hansı ki, Xankəndi olaylarından sonra ADPU-nun Şuşa filialında direktor idi... 

Nə yaxşı Ənvər müəllim haqq dünyasına qovuşmamışdan əvvəl Qarabağ Zəfərinin, Şuşa sevincimizin şahidi oldu. İlahi, o böyük qələbəyə necə sevinirdi! Ancaq nə edək, Şuşada olmaq, hər qarış torpağına, daşına, insanlarına bağlı olduğu Şaşaya getmək ona nəsib olmadı. Ancaq bizə qalan, əbədi olan onun misralarıdır: 

Gözümlə gözəllik çələngi hördüm, 

Qurbanam sevdiyim bu doğma yurda. 

Güllərin üstündə dan şehi gördüm, 

Dedilər bülbüllər ağlayıb burda. ("Şuşa" şeirindən) 

...Bir neçə gün bundan əvvəl İmişli rayon Təhsil Şöbəsinin müdir müavini, tanınmış pedaqoq Vahid Tağıyev və "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, şair Sərvaz Hüseynoğlu ilə birlikdə Ənvər müəllimin yaşadığı Ağcəbədi rayonuna onunla görüşməyə getdik.

Sən demə, Ənvər müəllim ömür payının son günlərini yaşayırmış. Xeyli vaxt yanında olduq. Nitqi yox idi, baxışlarımız və dodaqlarının pıçıltıları ilə "dərdləşdik", bir-birimizi oxuduq. Ayrılıqda Sərvaz Hüsenoğlunun onu qucaqlayaraq bağrına basması və alnından öpməsinin son görüş olması heç ağlımaza gəlməzdi. Axı, sevimli tələbəsi, dostu Vahid Tağıyev və Ənvər müəllimin həmişə dəyərli olduğu nüfuzlu ziyalı Vilayət Muradlı ilə birlikdə planlamışdıq ki, həftə sonu bir də gedəyin qəlbi-ruhu həmişə bizimlə olan Ənvər müəllimlə görüşməyə. Tale belə imiş, nə edək?.. 

...Səhəri üzücü xəbərlə açdıq. Ənvər müəllimin qızı İlhamə Ənvərqızının məni də tağ etdiyi, 81 dost və yoldaşla paylaşdığı bir yazı qəlbimi ikiqat göynətdi. İ

lhamə xanımın atası ilə vida görüşü bir haraydır, bir ata yanğısıdır: "KAŞ Kİ, TÜKƏNƏN, YORULAN NƏFƏSİNƏ NƏFƏS OLA BİLƏYDİM, ATA!".

 Ənvər müəllim, tanınan və sevilən bir şair, elm adamı, professor olmaqla bərabər, həm də gözəl bir ata idi. Yaxşı və mükəmməl övladları onun yurdunda həmişə mayakdırlar. Ulu Tanrı onları qorusun! Onlara səbr diləyirik! 

Ruhun şad olsun, Ənvər müəllim! 

Xatirən həmişə qəlbimizdə olacaq! 

Səxavət Tağlar, 

Əməkdar müəllim. AYB üzvü.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR