Nazirlik: "Azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və..."

img

07-02-2022 [19:38]


"Son bir neçə gün ərzində bəzi qərəzli xarici kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlarla bağlı qeyd etmək istərdik ki, Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşmışdır. Bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir".

Mia.az xəbər verir ki, bu, Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir:

"Buna əyani sübut olaraq, Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesində məscidlərlə yanaşı, 2 xristian kilsəsini də göstərmək olar. Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir.

Onu da əlavə etmək lazımdır ki, Mədəniyyət Nazirliyi tərəfindən hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır.

İşğaldan azad edilmiş ərazilərimizdə qədim Alban irsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu irsin tədqiqi ilə bağlı işçi qrup təsis edilmişdir. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin monitorinqini həyata keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə, beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Xatırlatmaq istərdik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir".


Digər xəbərlər
SON XƏBƏRLƏR