Daha 54 dövlət əmlakı hərraca çıxarılacaq

img

27-01-2022 [18:03]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fevralın 22-də hərrac keçirəcək. Hərracda iştirakçılara 54 dövlət əmlakı təklif ediləcək.

Mia.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 17-si kiçik dövlət müəssisə və obyekti, 2-si yarımçıq tikili, 29-u isə nəqliyyat vasitəsidir.

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ini təşkil edir.

Kiçik dövlət müəssisə və obyektlərinin 1-i istisna olmaqla, qalanları bölgələrimizdə yerləşir. Paytaxtda yerləşən 42 saylı mağazanın ümumi faydalı sahəsi 1 664,4 kvadratmetr, ilkin satış qiyməti 400 000 manatdır.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılacaq. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1970-2009-cu illər arasında dəyişir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR