Blinken Lavrovla görüşdən danışdı, Moskaya iki şərt qoydu: "...sürətli və sərt cavab verəcəyik"

img

21-01-2022 [16:57]


"Rusiya ya danışıqları, ya da münaqişəni davam etdirməlidir. ABŞ hər iki varianta hazırdır".

Mia.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçirilən görüşdən sonra deyib.

Blinkenin sözlərinə görə, fakt budur ki, Rusiya Ukrayna sərhədinə çox sayda qüvvə yığıb və buna davam edir: "Rusiya həm də Belarusa qüvvələr yığıb ki, bu da Rusiyanın hücum edəcəyi təqdirdə qabiliyyətini gücləndirir. 2014-cü ildə Rusiya Ukrayna hücum etdi, güc yolu ilə bu ölkənin sərhədlərini dəyişdi. Ancaq biz həmişə Rusiya rəsmilərindən eşitmişik ki, Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur. Bu gün Lavrov da bunu təkrar etdi. Lakin sözlərə yox, hərəkətlərə baxmaq lazımdır. Mən Lavrova dedim ki, biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində bu ölkənin yanında qətiyyətlə dayanırıq və Rusiya qüvvələri Ukrayna sərhədini keçərsə, ABŞ və müttəfiqlərinin buna sərt və cəld cavabı olacaq. Rusiyanın hərbi yox, digər hibrid hücumları olarsa, ona da ABŞ və müttəfiqləri koordinasiyalı şəkildə qətiyyətli cavab verəcəklər. Lavrova bildirdim ki, Rusiyanın son həftələrdə qaldırdığı təhlükəsizlik narahatlıqlarına ABŞ və müttəfiqləri qarşılıqlılıq prinsipi əsasında cavab verə bilər, bu o deməkdir ki, Rusiya da bizim narahatlıqlarımıza cavab verməlidir”.

Dövlət katibi deyib ki, Lavrovla müzakirələr zamanı o, Rusiyanın yalnız Ukrayna ilə bağlı təhlükəsizlik problemi yaratmadığını, həm də Avropa və beynəlxalq sistem üçün problem yaratdığını deyib: “Bu müzakirələr deyildi, səmimi şəkildə fikir və ideyaların mübadiləsi idi. Mən Lavrova onu da bildirdim ki, müəyyən prinsiplər və dəyərlər var ki, ABŞ və müttəfiqləri onu qorumağa sadiqdir. Bura Ukrayna xalqının öz gələcəyini suveren şəkildə seçmək hüququ daxildir. Bununla bağlı heç bir sövdələşmə ola bilməz”.

O bildirib ki, bu görüş deskalasiyaya nail olmaq və Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün davam edən səylərin bir hissəsidir: "Mən müttəfqilərimiz və tərəfdaşlarımızla, eyni zamanda Ukrayna rəsmiləri ilə müzakirələrdən gəlirəm. Biz hamımız yaxın kordinasiyadayıq və narahatlıqlarımızı bölüşürük. Hamımız bütün fikir ayrılıqlarını həll etmək üçün çalışırıq və bu istiqamətdə diplomatiya və dialoqa sadiqik. Lakin əgər bu yol qeyri-mümkün olarsa və Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirməyə qərar verərsə, biz birgə sürətli və sərt cavab verəcəyik. Mən bu görüş imkanından istifdə edərək sizinlə birbaşa olaraq müttəfiqlərimizin ortaq fikrini, həmçinin sizin qaldırdığınız narahtlıqlarla və həmçinin Rusiyanın hərəkətləri ilə bağlı bizim dərin narahtlıqlarımıza yönəlmiş konkret ideyaları bölüşmək istədim".

O vurğulayıb ki, ABŞ və müttəfiqləri fundamental prinsiplərə sadiqdir və bu prinsipləri hər zaman müdafiə edəcəklər.

"Bu kritik andır, təbii ki, bütün məsələləri burda həll edə bilmərik, lakin mən ümid edirəm və inanıram ki, biz diplomatiya yolunu seçmək barədə qərar verə biləcəyik. Diplomatiya və dialoq yolu açıqdır və biz bu yoldan getməyə sadiqik . Fikir ayrılıqlarımızı sülh yolu ilə həll etməyə hazırıq. Ümid edirəm ki, bu gün bu təklifi biz yoxlaya biləcək və bunun ardınca hara gedəcəyimizi görə biləcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR