2021-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə 112,7 milyon manat daxil olub

img

13-01-2022 [16:25]


2021-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,7 milyon manat təşkil edib və illik proqnoz 101,6 % icra olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bu, 2020-ci ilin göstəricisindən 51,2 milyon manat və ya 83,2 % çoxdur.

Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ildə 59 hərrac keçirilib. Hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib.

İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 93 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.

Yerin təkinin daha səmərəli istifadəsi məqsədilə ilk dəfə olaraq 2021-ci ildən keçirilməyə başlayan hərraclar vasitəsilə ümumilikdə 29 faydalı qazıntı yatağı istismara verilib: "Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən il ərzində 4 müəssisənin dövlətə məxsus səhm və paylarının satışı üzrə investisiya müsabiqəsi keçirilib, dövlət büdcəsinə 10 milyon manatdan artıq məbləğdə vəsaitin köçürülməsi təmin edilib. İnvestorlar 18 milyon manata yaxın məbləğdə investisiya proqramlarının icrasına, müəssisələrin dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə borclarının ödənilməsinə dair öhdəliklər götürüb".

Qeyd edək ki, əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla, 2021-ci il ərzində müəssisələrə 21,3 milyon manata yaxın investisiya yatırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR