Sahib Ələkbərov “Araz Vadisi İqtisadi Zonası”ndan danışıb

img

06-12-2021 [11:10]


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub.

Bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur.

"İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil olunur. İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması (dövlət zəmanəti ilə bank kreditlərinin verilməsi) kimi dəstək tədbirləri əksini tapacaq", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gələcəkdə logistika və anbar komplekslərinin, TİR parknını, topdan və pərakəndə satış obyektlərinin, müxtəlif istehsal və xidmət müəssisələrinin də yaradılması nəzərdə tutulur.

Nazir müavini bildirir ki, 200 hektar ərazini əhatə edən sənaye parkının bir hissəsi artıq mina və partlamamış hərbi sursatlardan təmizlənib: "Qarabağdakı sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək. Onlara böyük güzəştlər, o cümlədən vergi güzəştləri veriləcək. Real sektorun qurulması istiqamətində vacib hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlar potensialından istifadə olunmaqla müvafiq istehsal sahələrinin iqtisadi dövriyyəyə cəlb edilməsidir. Geniş spektrə malik təbii ehtiyatların mənfəətli istismarına əsaslanacaq hasilat sənayesinin dirçəldilməsi və qarşılıqlı faydalılıq əsasında beynəlxalq tərəfdaşlıq imkanlarının istifadəsi bu ərazilərdə iqtisadi canlanmanın əsas inkişaf vektorlarındandır. Ərazilərin iqtisadi dirçəlişi istiqamətində prioritet sənaye layihələrinin həyata keçirilməsi bölgənin təbii resurs potensialının ölkənin iqtisadi artımına yönəldilməsini də dəstəkləyəcək",


Digər xəbərlər
SON XƏBƏRLƏR