Prezident İlham Əliyev daha üç ölkə səfirlərinin etimadnamələrini qəbul edib - FOTOLAR

img

22-11-2021 [20:05]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.

Mia.az xəbər verir ki, səfir Muhammad Tezikuba Kisambira etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin olduğu bildirilib. Həmçinin Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Bu baxımdan Prezident İlham Əliyev Uqanda Respublikasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı verilən qərara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, bu hərəkatın sədri kimi Azərbaycan üzv dövlətlər arasında birliyin gücləndirilməsi, xüsusilə COVID-19 ilə mübarizədə praktiki dəstəyi təmin etmək üçün fəal iş aparıb. Azərbaycan Prezidenti ölkəmizin bundan sonra da Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, “ASAN xidmət”in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır.

Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan etimad fondu layihəsinə dəstəyi yüksək qiymətləndirilib.

Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambira Uqanda Prezidenti Yoveri Museveninin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş edib.

Muhammad Tezikuba Kisambira bildirib ki, ölkəmizə səfir təyin olunarkən Uqanda Prezidenti ona beynəlxalq aləmdə ölkələrimiz arasında siyasi dəstəyi gücləndirmək barədə tapşırıq verib. Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb. O, həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır. Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

Mia.az xəbər verir ki, səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırıb və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırladıb. Dövlət başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğulayıb.

Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu deyib, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd edib. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA