ABŞ-dan İLHAM ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞÜNƏ REAKSİYA: "Təkbətək görüş üçün inadla səy göstərdik" - "Azərbaycanla İran arasındakı gərginliyi yaxından izləyirdik"

img

22-11-2021 [15:52]


"ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş əlaqələri dəstəkləyir".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Lisenberger Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində gözlənilən görüşünü şərh edərkən bildirib.

“Bu görüş haqqında xəbəri görmək mənə xoş oldu. ABŞ iki ölkə liderlərinin təkbətək görüşünün baş tutması üçün inadla səy göstərdi. Ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəli atılmış addım olacaq”, - səfir deyib.

O ABŞ-ın ölkələrlə birbaşa əlaqələrin qurulmasını dəstəklədiyini qeyd edib: “Bu iradəni alqışlayır və tərəflərin bundan istifadə edəcəyinə ümid edirik”.

Səfir əlavə edib ki, ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni dəstəkləyir: “Cənub Qaz Dəhlizinin genişlənməsi, yeni istiqamətlərin əlavə olunması çox normaldır. Azərbaycanın qaz nəqlini daha da artırmaq istəyi var və ABŞ da bu layihədə Azərbaycanı dəstəkləyir”.

Səfir daha sonra deyib ki, ABŞ Azərbaycan və İran arasındakı gərginliyi yaxından izləyib: "Bu vəziyyətdən çox narahat idik.  Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir və bu coğrafi şərait bəzən problemlər yarada bilir. Çox şadıq ki, artıq vəziyyət sabitləşib. Görünən odur ki, münasibətlər normala dönüb və İran bu istiqamətdə addımlar atıb, öz xəttini vəziyyətə uyğunlaşdırıb və kursunu dəyişib. Biz Azərbaycan üçün sabit, münaqişəsiz sərhədlər görmək istəyirik".

Səfir vurğulayıb ki, ötən il münaqişədən bəri cənub sərhədlərində narkotik qaçaqmalçılığında artım müşahidə edilib: "Lakin yaxşı xəbər odur ki, Azərbaycanın gömrük və sərhəd xidmətləri narkotik qaçaqmalçılığı ilə mübarizədə öz imkanlarını daha da gücləndirib. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, onların istifadə etdiyi texnika və ləvazimatı ABŞ təmin edib. Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə yardımla bağlı ABŞ-ın proqramı var. Bu texniki ləvazimatların çeşidi genişdir. Həmçinin ABŞ-ın dəstəyinə Azərbaycanın gömrük və sərhəd xidmətlərinin əməkdaşları üçün treninq proqramları da aiddir. Eyni zamanda, biz bu dəstəyi Azərbaycanın Xəzər dənizindəki çox vacib enerji infrastrukturunu qoruması üçün veririk. Təqdim etdiyimiz texnikalar Azərbaycanın Xəzərdəki enerji infrastrukturunu nəzarətdə saxlamağa imkan verir. Bir neçə həftə öncə Azərbaycana təqdim etdiyimiz radar vasitəsilə Xəzər dənizində siqaret qaçaqmalçılığı edən gəmi saxlanıldı. Həqiqətən şadam ki, biz Azərbaycanın öz sərhədlərini nəzarətdə saxlaması və qoruması üçün imkanlarına dəstək veririk. Bu, bizim də marağımızdadır. Biz Azərbaycanın müstəqilliyini dəstəkləyirik. Biz bunu dəstəkləyirik.

Biz, əslində, regionun üç ölkəsinin seçimlərinin və qərarlarının müstəqilliyini dəstəkləyirik. Biz istəyirik ki, Cənubi Qafqaz regionu öz müstəqilliyini, dayanıqlılığını, stabilliyini artırsın, gücləndirsin. Regionun üç ölkəsini bir araya gətirib əməkdaşlığa necə nail ola bilərik?

Biz buna fokuslanmışıq, regionun nəqliyyat əlaqələrini, iqtisadiyyatını necə gücləndirə bilərik, bizə buna diqqət ayırırıq. Düşünürəm ki, Cənubi Qafqazın üç ölkəsinin yaxın əməkdaşlığı üçün böyük potensial, geniş imkanlar var. Biz ABŞ olaraq bunu dəstəkləmək istəyirik”

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA