TANINMIŞ ALİM VƏ ŞAİR NİZAMİ MURADOĞLUNUN ÖLÜMÜ...

img

26-10-2021 [12:33]


ATİF İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru, dosent e-mail: [email protected]

***

Hər zaman bu inancda olmuşam ki, ölüm haqdır. Haqq olan Uca Allahın əmridir. Həm də lütfüdür. Ölüm Allaha qovuşma, vüsala yetmədir, vəsldir, əslinə qayıdışdır.

Bəlkə biz dirilər dünyadan köçənlərə heyifsilənməklə unuduruq ki, elə biz də ölümlüyük. Bəlkə bir an, bəlkə bir sabah...əlbəttə bəlkə yox, elə bir gün bu dünyadan köçəcəyik. Bizə də üzüləcəklər, bəlkə bizə də ağlayacaqlar. Ancaq anlamayacaqlar. Anlamayacaqlar ki, biz gözəl əməl yiyəsi olduq. Getdiksə, elə getmək üçün gəlmişdik. Vay olsun bu dünyada öz yerini sabit bilib bizə ağlayanların halına!

Ölüm haqdır, ancaq ayrılıq çətindir. Bəlkə də ölən üçün deyil, qalan üçün daha çətindir. Çünki dünyadan gedən Haqq dünyasında, biz isə nahaq dünyadayıq. O, Baqidə, biz fanidəyik. Fani dünyada olanın halı da fənadır. Özünü güclü bilən insan anlamaq istəmir ki, o da elə bu dünyaddan köçənin taleyini yaşamağa məhkumdur. Bəlkə də bunu bilir. Ancaq sevdiyindən ayrıldığına çətinlik çəkir. Ancaq ən BÖYÜK SEVGİLİ olan UCA ALLAHA qovuşan da maddi dünyadan ayrıldığna görə dünyaya geri dönmək də istəməz.

Bu həqiqəti nə qədər anlasaq da yenə də dünyadan gedənə üzülürük. Əslində biz ondan çox özümüzə üzülürük, özümüzün ayrılıq yaşayacağına dözə bilmirik. Ancaq təskin olmaq da gözəldir ki, hər kəs bu şərbəti içəcək, hər kəs bu taleyi keçəcək, hər kəs bu dünyadan köcəcəkdir. Elə əziz dostumuz Nizami müəllim kimi... Ondan ayrıldığımız üçün özümüzə doğrudan da üzülürük. Sadə və mehriban, hər kəslə yüksək ünsiyyət quran bu dəyərli şəxsiyyət ona görə bu qədər

sevildi ki, o, kökə bağlandı, soya sadiq oldu, inancı da, Uca Allaha inamı da, millətinə bağlılığı da təbii idi. Yazdığı əsərləri ilə bunu təsdiq etdi. 20-ə qədər kitabının süjet xətti bunu aydın göstərir. “Qayıda bilmirəm, Bakı,1989, 50 s.; Dayan, əsən külək. Bakı, 192 s.; Vətən dərdi, Bakı, 2005, 240 s.; Sabaha açılan qapılar, Bakı,164 s.; Bu dünyanın məzarları ağlamaz, Bakı, 2010, 96 s.; Yaşayan Cavidlər, Bakı, 2012, 200 s.; Sözün Məmməd Araz zirvəsi, Bakı, 2013, 272 s.;

Baba ocağı, Bakı, 2014, 248 s.; Mamed Araz i narodnoe nvorçestvo, Qermaniya, 2014, 240 s.; Seçilmiş əsərləri, Bakı, 2015, 248 s.; "Kitabi-Dədə Qorqud” və müasir Azərbaycan poeziyası, Bakı, 2016, 72 s.; Hüseyn Cavid, Bakı, 2016, 100 s.;

Çağdaş Azərbaycan poeziyasında folklor ənənələri, Bakı, 2017,256 s.: Zülmətdə nur, Bakı,2018,120 s.; Qədim türk yurdu Naxçıvan, Bakı,2019, 256 s.; Kanlı taş, Türkiye, 2019, 220 s.; Qılınc oğlu, Bakı, 2020,104 s.; Eşq bir sirdir, Bakı,2020, 264 s.; Çağdaş poeziya və folklor, Bakı,2021,292 s. Alp Ərdoğan, Sultan Ərdoğan, Bakı, 2021,122 s.

Eyni zamanda kitabların nəşrindən göründüyü kimi alim və yazarın əsərləri yalnız Azərbaycanda deyil, Türkiyədə və Almaniyada da nəşr olunmuşdur ki, bu onun səmərəli fəaliyyətinin təzahürüdür. Nizami müəllimin elmi-publisistik və ədəbi fəaliyyəti bu kitablarda yüksək səviyyədə milli mədəniyyətimizin tərkib hissəsi olduğunu təsdiq edir. Bu baxımdan onun əsərləri hər zaman öyrənilməli, gələcək nəsillərə örnək olmalıdır.

Uca Allah Nizami (Məmmədov) Muradoğlunun ruhunu şad etsin, rəhmət və məqfirətini ona da nəsib etsin.

Alim olan yalnız Uca Allahdır!

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR