Məhkəmə Goranboyda həmyerlisini öldürən şəxslə bağlı qərar çıxarıb

img

19-10-2021 [16:11]


Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamran Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, K.Məmmədovun kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2020-ci ilin fevral ayının 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Faiq İsgəndərov həmyerlisi K.Məmmədov tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

K.Məmmədov hadisəni törətdikdən sonra “VAZ-2107” markalı avtomobillə oranı tərk edib.

Goranboy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Məmmədov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin (CM) 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib, məhkumun əməlləri qəsdən adam öldürmə cinayəti kimi qiymətləndirilib. Belə ki, o, CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra K.Məmmədovun müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Vəkil şikayətində apellyasiya instansiyası məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini və məhkum barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini istəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR