"OBA" prokurorluğa verilmə xəbərinə reaksiya verdi, "kamera görüntüləri var" dedi: "Özlərini Ekologiya Nazirliyinin rəsmiləri kimi təqdim edən..." (Xəbər yenilənib)

img

23-09-2021 [18:20]


“OBA” marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən “OBA” marketin qarşısında kəsilən ağaclar ilə bağlı rəsmi açıqlama yayıb.

“OBA” marketlər şəbəkəsindən Mİa.az-a verilən məlumatda bildirilib ki, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, “OBA” marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur:

"Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini bildiriblər. “OBA” Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq görüntülər təqdim olunmayıb”.

Fəzilət Səmədova əlavə edib ki, “OBA” marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.

***

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Mia.az xəbər verir ki, bu barədə Report-a Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

O deyib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “İlkin araşdırma zamanı "Oba market"in qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR