Müğənni Elnarə Xəlilova 3 ay kikboksla məşğul olub - Klipə görə

img

04-09-2021 [16:47]


Müğənni Elnarə Xəlilova "Əvəzimi tap" adlı yeni mahnısına çəkilən klipini təqdim edib.

Mia.az xəbər verir ki, mahnının söz və musiqisi Şəhriyar Ramazanzadə, aranjiman Hasan Haidara məxsusdur.

Klipin əsas süjet xətti kikboksinq idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kikboks idman növü ilə məşğul olan xanımı canlandırır.

Bu barədə özünün "Instagram" səhifəsində paylaşım edən müğənni ilk dəfədir bu tərzdə və belə bir obrazda kameralar qarşısına çıxdığını deyib: "İdmanı çox sevirəm və həyatımın ayrılmaz hissəsidir. Uzun zamandır ki, idman mövzusunda bir iş ərsəyə gətirməyi düşünürdüm. Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları mənə bir stimul verdi. Klipimi Olimpiya və Paralimpiya Oyunlarının qalibi olan və medallar qazanan idmançılarımıza həsr edirəm".

Üç aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, "Cobra" idman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kikboks dərsləri keçiblər.

Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb.

Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Klipin stilisti Könül Aslanova, qrim ustası Fatimə Vazehidir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR