Vətəndaşı ələ salan pensiya "islahatı"...

img

19-08-2021 [14:29]


Elşad MƏMMƏDLİ,

Jurnalist

***

Aylardır insanlar pensiyalarının kəsilməsi ilə bağlı şikayətlər yazır, iradlar bildirir. Əlbəttə, ölkədə kifayət qədər saxta əlillik əldə edənlər vardı. Onlarla bağlı ölçü götürülməsini ancaq alqışlamaq lazımdır. Lakin son 2 ayda atamın pensiya məsələsi ilə məşğul olduğum dönəmdə bu prosesdə hüquqları, haqları pozulanların, ədalətsizliyə məruz qalanların da sayının kifayət qədər olduğunun şahidi oldum.

Təsəvvür edin, sağlamlığını 52-55 faiz, hətta daha çox itirmiş şəxsi pensiyadan məhrum edir, bəhanələrlə, yalanlarla imtina verirlər.

Öz başıma gələnləri nəql edim:

Atam 2006-cı ildə birinci, 2007-ci ilin avqustunda ikinci dəfə infarkt keçirdi. İkinci infarktdan sonra 10 gün komada qaldı, Allahın möcüzəsi olaraq yenidən dünyaya qayıtdı. Uzun aylar müalicə aldı, peşəkar kardioloq Nizami həkimin düzgün müalicəsi sayəsində ürəyin arxa divarının tam çatlamış hissəsi də qismən bərpa oldu. Onda cəmi 52 yaşı vardı atamın. Uzun müddət ambulator və xəstəxana müalicələrindən sonra Nizami həkim mənə atama işləməyin əks göstəriş olduğunu, həyəcan, əsəb, stressin həyatı bahasına gələ biləcəyini bildirdi.

Həkimlər sonda onun sənədlərini mənə verdilər və dedilər ki, əlillik dərəcəsi təyin olunması üçün müvafiq qaydada müraciət edin, zatən bu adam daha işləyə bilməz, barı pensiya alsın...

O zaman atam yaşlı deyildi və bu əlillik məsələsini ona ümumiyyətlə demək istəmədik, qüruruna toxunar deyə. Sonra müalicə həkimi ehtiyatla onu anladıb və sənədlərini 2008-ci ilin sonlarında müvafiq qaydada pensiya almaq üçün təqdim edib. Əlillik təyin olunub və ondan bu yana – 2021-ci ilin mayınadək atam əlillik pensiyası alıb.

2021-ci ilin may ayının 14-də 65 yaşı tamam oldu. Bundan sonra atamın pensiyası köçmədi. Düşündük ki, yəqin təqaüd yaşı çatdığı üçün yenidən prosesdurlar gedir, gecikmə baş verir. İyunun əvvəlinədək kartına pul köçmədi, heç bir məlumat da vermədilər ki, vətəndaş, sənin pensiyanı niyə dayandırmışıq. Özüm müraciət etdim. Cavab bu oldu ki, bəs, 2021-ci ilin mayında atama təyin olunmuş əlillik müddəti bitib, yenidən komissiyadan keçməlidir...

Komissiyadan keçmək üçün isə birinci yaşadığı Göyçay rayonunda müayinələr aparıldı. Sonra Göyçaydan xəstəxanadan göndəriş verdilər ki, Bakıda Kardiologiya İnstitutunda komissiya yoxlamasından keçməlidir. Burada yoxlama zamanı həkimlər ilk olaraq onu dedilər ki, vətəndaş, niyə bu hala gətirmisən sən özünü, ürəyinin fəaliyyəti son mərhələdə hesab olunur...

Burada bir haşiyə çıxım, 2008-ci ildən üzü bu yana davamlı olaraq ambulator şəkildə müalicə alıb, ancaq son 1 ildə səhlənkarlıq edərək, həkimə getməyib, yetərli müalicə almayıb, yalnız davamlı olaraq atmalı olduğu trob-as, maqnokardium və aspirin içib. Bu, həm də bir övlad olaraq mənim utancımdır, tələbkar olmamışam səhhətinə son vaxtlar...

Nəsə, komissiyanın rəyi bundan ibarət oldu ki, atamın ürəyi fəaliyyətini yarıdan çoxunu itirib, kəskin xroniki ürək çatışmazlığı fazasındadır, ürəyi maksimum 47-48 faiz çalışır. Dərhal da kompleks müalicə kursu təyin olundu. 10 gün Bakıda müalicə aldıqdan sonra Göyçaya qayıtdı. Bakıdan verilən komissiya rəyini Göyçayda müvafiq qaydada xəstəxanaya təqdim etdi. Orada həkimlər məsləhət görüb ki, həm prosedura görə, həm də real durumu qənaətbəxş olmadığından azı 10 gün də xəstəxanada yatmalıdır.

Belə də oldu. İyul ayının ikinci yarısında Göyçayda 10 gün xəstəxanada yatdı. 19 iyulda xəstəxanadan evə buraxıldı və daha bir müalicə kursu təyin edildi ki, bunu da aparın, ardınca payızda daha bir müalicə kursu da almalı və ondan sonra davamlı nəzarətdə saxlanılmalıdır...

Bundan sonra sənədlər müvafiq qaydada toplandı və atam Tibbi Ekspert Komissiyasına çağırıldı. Komissiya əlillik təyinatına müsbət rəy verdi və yekun sənədlər sistemə daxil edilərək, pensiya təyinatı üçün Nazirliyin müvafiq xidmətinə göndərildi.

Təxminən 10 gün sonra belə cavab aldıq ki, sənədlərə baxırıq, xəstəxanada müalicə alıb, rəy də var, amma xəstəxanadan sonrakı müddətdə müalicə almayıb. Həkimlərin yazdığı resepti və hazırda müalicəsinin ambulator şəraitdə davam etdiyini bildirdik. Bundan sonra hansı absurd cavabı alsaq yaxşıdır? Dedilər ki, bəs sizə imtina qərarı verildi, çünki xəstə xəstəxanada yatmayıb. Təsəvvür edirsinizmi? Qıpqırmızı yalan...

Hansı ki, 9 iyul-19 iyul tarixlərində Göyçayda xəstəxanada yatıb, bu haqda və digər bütün sənədlər nazirlikdədir. Və nazirlikdən daha əvvəl özləri soruşmuşdular ki, xəstəxanada yatdıqdan sonra müalicə alırmı...

İndi də qırmızı bəhanə ilə deyirlər imtina vermişik. Giley edəndə də deyirlər kəskin ürək çatışmazlığı olan adam təzədən gəlsin, əməkdaşlar sorğu-sual etsin. Həyatı tükdən asılı olan adam əsəbləşib yenidən infarkt olmaq üçünmü gəlsin?

Sorğu verdim ki, rəsmən imtinanı necə əsaslandırıblar?

Verilən cavab maraqlıdır və vətəndaşı rəsmən dolamaqdır: Əvvəl müalicəsinin davam etmədiyini bəhanə edirdilər, ardınca guya xəstəxanada yatmadığını, son nəticədə isə tamam başqa söz deyirlər: Bu gün axşam verilən cavabda yazırlar ki, "Göyçay rayon sakini Məmmədov Ziyafəddin Soltanəli oğlunun əlillik müddəti ötən ay (əslində ötən ay yox, may ayında ) başa çatıb. Məlum olduğu kimi, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması, yəni əyani müayinə olmadan, yalnız səhiyyə müəssisəsi tərəfindən elektron sistemə daxil edilən göndəriş (Forma 88) əsasında həyata keçirilir. Ziyafəddin Məmmədovun da əlilliyinin təkrar qiymətləndirilməsi tibb müəssisəsinin onun barəsində e-sistemə daxil etdiyi göndəriş əsasında aparılıb. Göndərişdə qeyd edilən diaqnozun (stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, 2-ci funksional sinif infaktdan sonrakı kardioskeleroz, durgunluq ürək çatışmazlığı, xroniki ürək çatışmazlığı, 2-ci funksional sinif atımfranksiyası 48%) əlilliyə əsas vermədiyi müəyyən olunub. Bu səbəbdən Ziyafəddin Məmmədov əlillik təyin edilməyib, onun müalicənin davam etdirilməsi barədə qərar verilib..."

Başa sala bilmirik ki, adam 2007-ci ildən bu yana daim müalicə ilə yaşayır, hazırda da müalicəsi davam edir və bundan sonra da ancaq müalicə ilə yaşamalıdır.

Təsəvvür edin, ürəkdə bütün mümkün xəstəliklər var, adam özlərinin etirafına görə sağlamlığının 52 faizini itirib, (realda 55 faizdən də çoxdur, sadəcə həkimlərə göstəriş var ki, maksimum 52 faiz yazın) deyirlər ki, bu adama daha əlillik düşmür. Hansı ki, 2009-cu ildə əlillik heç bir xahiş-minnətimiz olmadan TSEK tərəfindən təyin edilmişdi....

Beləcə, adamı heyrətləndirməklə, özü özündən utandırmaqla məşğuldur əlahəzrətlər...

Vallah, belə pensiya islahatı olmur...

Ən əsası, tutaq ki, atamın əlillik pensiyası dayandırılıb. Bəs elektron sistemə keçdiyini bəyan edən nazirlik niyə bu 3 ayda maraqlanmayıb ki, vətəndaş, sənin 65 yaşın tamam olub, qocalığa görə müavinət almalısan...

Bu müavinət də 130 manatdır. Onu da rəsmi məktub yazıb bağışlayacam pensiya islahatçılarına...

Normal ölkələrdə yaşlı adamlar pensiyasını alır, övladdan, qohum-əqrəbadan asılı olmadan qürurla qocalığını yaşayır. Bizdə isə xəstəxana-xəstəxana, TSEK-lərdə süründürürlər yaşlı adamları...

Elə bu başıma gələnlərdən ibarət bir məktub yazacam Cənab Prezidentə.

Özümə görə yox, vətəndaşların süründürülməməsi üçün..

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:52 17.09.2021

Bu rayonlara dolu düşüb