DEPUTAT POLİSİ RESTORANDA DÖYÜB - Hadisə ilə bağlı sensasiyalı iddialar yayıldı + DİN-dən açıqlama

img

30-07-2021 [11:02]


Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib.

Bu barədə nazirliyin Mətbuat xidmətindən bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

***

Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.

Redaksiyamıza daxil olan məlumatda həmçinin vurğulanır ki, həmin restoran millət vəkilinin qohumunundur.

Məsələ barədə hələlik rəsmi açıqlama verilməyib.

DİN-in mətbuat xidmətindən Bakupost.az-a bildirilib ki, hadisə ilə bağlı nazirliyə rəsmi məlumat daxil olmayıb.

Millət vəkili isə telefonlarını açmır.

Milli Məclis də susqunluq nümayiş etdirir.

***

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

Xaçmaz sakinlərindən Bakupost.az-a bildirilib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlər qeyd edir ki, deputat səxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR