Casusluqda ittiham olunan ermənilər Bakıda hakim qarşısına çıxarıldı: "Gorus istiqatimətindən Azərbaycan ərazisinə keçdik və..." (YENİLƏNİB)

img

26-07-2021 [16:39]


Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə Gevorg Sujyanın istintaqa verdiyi ifadənin davamı elan edilib.

O, istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar:

"Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona taprışıqları izah elədim. O da mənə dedi ki, Ermənistan xeyri olan hər şeyi edəcəyi bildirdi. O da məlumatları toplayaraq Artaka ötürəcəkdi. Həmin gün avtomobilimlə yola çıxdıq. Gorusa gələrək, oradan Laçın dəhlizinə keçdik. Xankəndin şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul elədilər və Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə partlayıcı maddələr və qumbaralar var idi. Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snyaper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər saylarını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Dabit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbiçilər yerini dəyişərsə dərhal ona deyək. Bir müddətdən sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O, bizə Azərbaycan Silahlı Qüvvələrin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatları almamı istədi. Biz Davitlə taprışıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq. Xocavəndin Çarpar kəndi yaxınlığında döyüşlərdə iştirak etdik. Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbçilərin yaxınlığına gedərək çəkilişlər apardıq. Artak bizə əsgər sayının daha dəqiq öyrənməyimizi istədi. Biz 28 nəfər azərbaycanlı hərbiçinini saydıq və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".

Təqsirləndirilən şəxs istintaqda qeyd edib ki, İrəvana qayıdıb:

"10 noyabr bəyannaməsindən sonra Artak mənə zəng edərək kafeyə çağırdı. Mən Davitlə birlikdə ora getdim. O, Şuşada Azərbaycan ordusunun nə qədər hərbçisinin olmasını, teknikaların sayını və s. öyrənməyimizi, bizə gizli şəkildə Şuşaya getməyimizi və məlumatları ona ötürməyimizi istədi. O, bizə Şuşanı geri qaytarmaq istədiklərini bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Biz noyabrın 11-də mülki geyimdə yola düşdük. Guya Xankəndində olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 km. qalanda biz Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik, Şuşa istiqamətinfə irəlilədik. Maşını orada saxladıq. Piyada olaraq irəlilədik. Biz orada fotoşəkillər şəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdu. Həyəcanlı olduğumuzdan suallara cavab verə bilmədik. Onlar bizdən şübhələndikləri üçün bizi saxladılar".

Gevorg Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Prosesdə davamında digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib.

O da Gevorg Sujyanla eyniməzmunlu ifadə verib.

Deyib ki, Gevorgla dostluq münasibəti olub və ona döyüşlər zamanı humanitar yardımlar aparmaqda köməklik edib:
"Müharibə zamanı əhaliyə, əsgərlərə yardımlar aparmışıq. Heç bir döyüşlərdə iştirak etməmişəm. 11 noyabrda Xankəndiyə gedən zaman Şuşada Azərbaycan ordusunun əsgərləri tərəfindən saxlanıldıq".

Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib.

O, istintaqa ifadəsində bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub:
"2013-cü ildən etibarən hərbi xidməti başa vurub, İrəvana qayıtmışam. 2020-ci ildə yazında Gevorg Sujyan tanış olmuşuq və dostluq münasibətlərimiz yaranıb. 27 sentyabrda müharibə başladı. Gevorg mənə zəng edərək, müharibədə iştirak edib-etməyəcəyimlə bağlı sual verdi. Mən də Ermənistan üçün hər şey edərəm dedim. Gevorg 1 ildən artıqdır ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Artak adlı şəxsdən tapşırıq aldığını dedi. Mən də Ermənistan üçün onunla razışladım. O, mənə tapşırıqları izah elədi. Tapşırıqlar ondan ibarət idi ki, biz həm döyüşlərdə iştirak edəcəkdik, həm də Azərbaycan ordusun mövqelərini, say tərkiblərini öyrənməliydik. Həmin məlumatları Artaka ötürməliydik".

Davit Davtyan istintaqdakı ifadəsinin davamında Gevorg Sujyanla eyni məzmunlu ifadə verərək qeyd edib ki, Xocavənd istiqamətində döyüşlərdə olublar və Azərbaycan ordusunun mövqelərini öyrənərək Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiqləməyib.

Proses iyulun 28-dək təxirə salınıb/Report.

***

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək, hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürməklə casusluq edib.

Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Təqsirləndirilən həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürülüblər.

2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə yollanan zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq) , 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxslər verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Onlar bildirib ki, yalnız Azərbaycan dövlət sərhədini qanunsuz keçdikləri üçün özlərini təqsirli bilirlər.

Prosesdə Gevorg Sujyan sərbəst ifadəsində bildirib ki, onun Ermənistanda xeyriyyə təşkilatı var:

"Müharibə başlayan zaman məni tanıyanlar yardımlar gətirməyə başladılar. Mən həmin yardımları toplayaraq orada olan əsgərlərə hərbiçələrə, Xankəndində insanlara köməklik edirdim. Mən həmin yardımların hamısını "facebook" səhifəmdə paylaşırdım. Gorusdan yardımları toplayıb, Xocavənd rayonu ərazisində hərbi hissələri apardım. Hər birinin şəklini çəkib, yardım verən adamlara atırdım. Şuşaya da ibadət üçün gəlmişəm. Orada jurnalistlərə açıqlamalar da verdim, daha sonra Xankəndində olan vəziyyətlə bağlı videoçarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşmışdım. Noyabrın 10-da kapitulasiya aktından sonra qərara gəldim ki, Xankəndiyə gedim. Çünki oradan bizə çoxlu müraciətlər var idi. Onlara yardımlar aparmalı idim. Ayın 11-də Laçın dəhlizindən rus sülhməramlıların yanından keçdik. Maşınımızı yoxladılar. Biz onlardan keçib-keçə bilməyəcəyimizi soruşduq. Onlar bizə icazə verdilər. Dəhlizlə yolumuza davam etdik. Bir zaman gördük ki, Azərbaycan bayrağı görünür. Biz həmin yerdə dayandıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq və həbs edildik".

Prokurorun suallarına cavab olaraq Gevorg Sujyan bildirib ki, 2018-ci ildən "Yeni Ermənistan Vətən" Diaspora təşkilatının təsis edib:

"Artak adlı şəxsi tanımışam. Lakin onun xüsusi xidmət orqanın əməkdaşı olduğundan xəbərim olmayıb. Mən onu Rusiyada yaşayan ermənilərin təşkilatının rəhbəri kimi tanımışam. Davitlə 2020-ci ilin yay aylarında tanış olmuşam. Yardımları onunla birlikdə aparırdım. Silah-sursatdan istifadə etməmişəm. Lakin bir dəfə döyüş bölgəsində əsgərdən silahını alıb şəkil çəkdirmişəm".

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsində ziddiyyət olduğundan istintaqdakı ifadəsi də elan edilib.

O, istintaqda ifadəsində deyib ki, atası Rusiya vətəndaşıdır və Sankt-Peterburq şəhərində yaşayır:

"Uzun müddət həmin şəhərində ailəliklə yaşamışıq. Məktəbi Ermənistanın Şirak vilayətində bitirmişəm. Univeristeti Rusiyada bitimişəm. Daha sonra hərbi xidmətimlə əlaqədar Ermənistana qayıtmışam. Peşəkar boksla məşğul olmuşan. Bu səbəbdən hərbi xidmətdə Kirivokan şəhərində kəşfiyyatçı kimi xidmət etmişəm".

Təqsirləndirilən şəxs istintaqda ifadəsində qeyd edib ki, 2019-cu ildə yaz aylarında Ermənistan xüsusi xidmət orqanından bir nəfər ona zəng edərək görüşməyi təklif edib:

"Mən də qanun qarşısında təmiz olduğumdan Artak adlı xüsusi xidmət orqanın əməkdaşı ilə görüşdüm. O, mənə təşkilatımla bağlı suallar verdi. Pul köçürmələri ilə bağlı problem olduğunu, çirkli pullarla bağlı köçürmələr olduğunu dedi. Bu səbəbdən mənə qarşı cinayət işinin açılacağını və həbs edəcəklərini qeyd etdi. Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlıq edəcəyimə söz verdim və iltizama qol çəkdim. O, müxtəlif vaxtlarda mənə tapşırıqlar verəcəyini dedi. 27 sentyabr 2020-ci ildə müharibə başlayandan sonra Artak mənə zəng edərək görüşməli olduğumuzu dedi. Səhəri gün kafedə biz görüşdük. O, mənə vəziyyətin pis olduğunu və Ermənistanın mənim kimi oğlanlara ehtiyacı olduğunu bildirdi. Mən özüm də silahlı birləşmələrdə iştirak etmək istədiyimi dilə gətirdim. O, mənə tapşırıq verdi ki, döyüş bölgəsində Azərbaycan ordusunun olduğu mövqeləri, saylarını və teknikaları ilə bağlı məlumat toplayıb ona deyim. Mən məcbur qalıb onunla razılaşdım. Davitlə birlikdə hərəkət edəcəyimi ona bildirdim. Artak da bununla razılaşdı. Biz səhəri gün Gorus istiqatimətindən Azərbaycan ərazisinə keçdik".

Proses saat 14:10-dək təxirə salınıb.

***

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Mia.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilir.

Prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq