Telejurnalist həkimi məhkəməyə verdi - Qalmaqalın təfərrüatı

img

23-07-2021 [23:12]


Telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib.

Mia.az xəbər verir ki, iddia ərizəsində qeyd olunub ki, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) "Buta" Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Həmin klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Günel Gözəlova

Günel Gözəlova

Xəstənin ailəsi və "Buta" Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.

İddia ərizəsi Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.

A.Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün ölkə rəhbərliyinə daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, səhiyyə nazirinin müavininə və s. qurumlara müraciət edib. G.Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Ünvanına səslənən ittihamlarla bağlı həkim Araz Bayramov açıqlama ilə çıxış edib.

Mia.az həkimin də mövqeyini tqdim edir:

"İlk öncə onu qeyd etmək istəyirəm ki, irəli sürülən əsassız və qanunsuz ittihamlar Avropada- Fransada 5 il çalışmış və Avropada 10-dan çox Laparoskopik, Endoskopik, Mikrocərrahi diplomlar və Master elmi dərəcəsi qazanmış, Avropa Uroloqlar cəmiyyətinin üzvü, AzərbaycanTibb Universitetini Fərqlənmə diplomu və Topçubaşov adına adlı təqaüdlə bitirmiş, Azərbaycan dövlət proqramı məzunu, Gənclər və İdman nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülmüş, ingilis, fransız, rus və türk dillərini ana dili səviyyəsində danışan, minlərlə endoskopik , laparoskopik unikal əməliyyatlar etmiş, qazi və şəhidlərimizə qayğı, diqqət və təmənnasız əməliyyatlar etmiş bir mütəxəssisə qarşıdır.

Bildirmək istəyirəmki, mən Avropa Uroloqlar Cəmiyyətinin Konqreslərində Anar Gözəlovun üzərində etdiyim “perkutan nefrolitotomiya” əməliyyatının Azərbaycanda əldə etdiyimiz nəticələr haqda elmi çıxışlar etmişəm. Sözügedən əməliyyat da Avropa Uroloqlar cəmiyyətinin guidelines-ı, yəni protokolu üzrə həyata keçirilmişdir.

Anar Gözəlov əməliyyatdan 5 ay öncə sidik axarı daşının kəskin ağrıları ilə gecə saatlarında mənə müraciət etmiş və təmənnasız olaraq tövsiyyəm əsasında dərman müalicəsi ilə sidik axarı daşını salmış və çox məmnun qalmışdır. Ondan sonra 2020-ci ilin oktyabr ayında bizə müraciət etmiş və müayinəmiz zamanı mərcanvari çox iri ölçülü böyrək daşı və 3-4 cü dərəcə hidronefroz aşkarlanmışdır.

Biz bu zaman kəskin əlamətləri olmasına baxmayaraq Anar Gözəlovu dərhal əməliyyata salmadıq və dərman müalicə təyin etdik. Sonradan 2020-ci ilin dekabr ayında Anar Gözəlov koronavirus xəstəliyinə tutuldu.

Daha sonra Anar 6 fevral 2021-ci ildə kəskin böyrək ağrıları və sidikdə qan ilə bizə müraciət edərək təkidlə əməliyyata olunmasını istədi. Əməliyyatönü müayinələr və əməliyyat Avropa və Amerika uroloqlar cəmiyyətinin “guidelines”i, yəni protokolları əsasında aparıldı. Bu günə kimi eyni şəkər və trombosit göstəriciləri olan pasientlərdə “Perkutan Nefrolitotomiya” əməliyyatı heç bir fəsad olmadan tərəfimizdən həyata keçirilib və konqreslərdə ingilis dilində təqdimatları olub.

Anar Gözəlovun da böyrək daşı əməliyyatı heç bir fəsad olmadan ideal səviyyədə həyata keçirilib.

Avropa Uroloqlar Cəmiyyətinin üzvü olaraq qeyd etmək istərdim ki, 11 illik təhsil və ixtisaslaşma və 17 illik minlərlə endoskopik , laparoskopik unikal əməliyyatları həyata keçirdən bir mütəxəssisin gördüyü işi Avropa və o cümlədən ABŞ- da heç bir tibbi savadı olmayan insanlar haqsız olaraq günahlandırmır. Anar Gözəlovun şəkər və trombositlərin göstəriciləri kliniki protokollara əsaslanaraq yüksək hesab olunmur. Protokollar əsasında bu analiz nəticələri adı gedən əməliyyat üçün heç bir əks göstəriş sayılmır.

Günel Gözəlova və onun həyat yoldaşı Anar Gözəlov klinikada VİP otaqda təmənnasız olaraq həftələrlə yatdığı müddətdə də onlara yüksək səviyyədə diqqət və qayğı, o cümlədən əməliyyatla əlaqəsi olmayan Vitamin D, Şəkər xəstəliyi ilə əlaqəli və o cümlədən çətin tapılan nevroloji dərmanlarına kimi öz hesabıma təmin etmişəm.

Həmçinin keçirtdiyi böyrək əməliyyatı ilə heç bir əlaqəsi olmayan, Xroniki İşemik insult ocaqlarının yarımkəskinləşməsi səbəbi ilə xəstədə yaranmış nevroloji vəziyyətə görə KT, MRT-ə kimi müayinələri bizim hesabımıza edilib, endokrinoloq və nevropotoloqun müayinələri ilə daima qayğı göstərilib.

Anar Gözəlovun klinikada VİP otaqda qaldığı və klinikadan çıxdıqdan sonrakı evinə çatdırılan dərmanları daxil ümumi smetası 4000 AZN-i keçib. Problemin uroloji, yəni bizim əməliyyatla heç bir əlaqəsi olamamasına baxmayaraq mənim pasientim olduğuna, Günel Gözəlovanı ailəvi tanıdığımıza, həmçinin özünün bildirdiyinə görə atasının xərçəng xəstəsi olduğunu və müalicəsini özü təmin etdiyini, maddi imkanının yaxşı olmadığını nəzərə alaraq yaranmış nevroloji problemi ilə əlaqəli xərcləri təmənnasız olaraq öz hesabıma çəkmişəm.

Buna baxmayaraq araşdırmadan məni günahlandırdığına, telefonlara cavab vermədiyinə görə dəfələrlə dostlarının köməkliyi ilə üzbəüz görüşüb məsələyə aydınlıq gətirməyə çalışmışam.

Xəstə həm əməliyyat günü, həm sonrakı gün və digər klinikada yatdığı günlərdə daima yoxlanılıb. Axşam saatlarında bitən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti keçirtdiyi əməliyyata və aldığı narkoza tam uyğun olub. Gecə saatlarında xəstə yatdığına görə növbəti gün təkrar yoxlandıqda danışığındakı qeyri-adekvatlığı sezilmiş və dərhal nevropatoloqun göstərişi ilə beyin KT-i edilmişdir. Beyində Xroniki İşemik insult ocaqlarının və birinin də yarımkəskinkəşməsi aşkar olunmuşdur ki, bu problemlə əlaqəli bütün lazımi tədbirlər və müalicələr edilmişdir.

Mənim daima media nümayəndələri ilə xoş, qarşılıqlı hörmətə əsaslanan münasibətlərim mövcud olub. Bütün media təmsilçilərinin həmkarları ilə həmrəylik nümayiş etdirmək istədiklərini anlayışla qarşılayır, eyni zamanda onlardan məsələyə obyektiv, ədalətli, jurnalistika prinsipləri çərçivəsində yanaşmalarını xahiş edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR