"Sedat Peker son anda başa düşdü ki..." - Mafiya lideri qəfil niyə susdu?

img

22-06-2021 [16:20]


Bir müddət öncə yayımladığı qalmaqallı videoçıxışları ilə gündəmə gələn Türkiyənin tanınmış iş adamı, “yeraltı dünya”nın liderlərindən olan Sedat Peker son günlər “xainliyinə” ara verib.

Hansı ki, Sedat Peker çıxışlarında sona qədər gedəcəyini bəyan edirdi. Nə baş verdi, o “ağıllandı”, yoxsa digər səbəblər var?

Mafioz bununla bağlı açıqlama yayıb və deyib ki, təhlükəsizliyi ilə əlaqədar problem yaranıb, ona görə açıqlamaları müvəqqəti dayandırıb.

Bəs gerçək nədir? Nə ola bilər? Onu nə gözləyir? Anlaşsa belə, həbsdən sığortalana biləcəkmi?

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Sedat Pekerin salamat qalması müqabilində susması mümkündür: “Belə situasiyalarda bir sıra variantlar olur. Bu işin başında duran, yəni Sedat Pekerin özü belə bir vəziyyətdə bilir ki, istənilən hakimiyyətə, dövlətə sonunda məğlub olacaq. O, davam etsəydi, aradan götürülə bilərdi. Burada da heç kəs dövləti, hakimiyyəti qınamayacaqdı. Çünki bir cinayətkar aləmin nüfuzlu şəxsinin dövlətə meydan oxumasını hətta o hakimiyyətdən narazı olanlar belə istəməz.

Səhəri gün belə şəxslər başqa bir hakimiyyətə də meydan oxuyacaqlar. Bu nöqteyi-nəzərdən Sedat Peker salamat qalması üçün hər şeyi dayandırıb. O elə bilirdi ki, inqilab edəcək. Amma onun ”inqilabı” uzaqbaşı yayımladığı videoçıxışlarına milyonların baxması oldu. Başqa heç nə əldə edə bilmədi. Kiməsə zərər gətirə bilər. Amma nəzərə alın ki, bu, Türkiyə cəmiyyətidir. Belə cəmiyyətlərdə də bu cür məsələlər heç də uzun müddət şok effekti yaratmır. Hesab edirəm ki, Sedat Peker son anda başa düşdü ki, milyonların baxması ilə bir məsələnin həllini tapması tamam başqa məsələlərdir. O qədər adam baxsın ki, nə mənası var? Hətta bundan sonra inanmıram ki, onda şok effekti yaradan informasiyalar qalmış olsun”/Azinforum.


Digər xəbərlər
SON XƏBƏRLƏR