MEDİA-nın departament direktoru: “Bütün media subyektləri iştirak edə bilərlər” - MÜSAHİBƏ

img

08-06-2021 [15:21]


Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov APA-ya müsahibə verib.

Mia.az həmin müsahibəni təqdim edir:

- Çap mediası və onlayn media müsabiqələrinin ardınca bu gün Medianın İnkişafı Agentliyi tərəfindən fərdi jurnalist müsabiqəsi də elan edilib. Hansı şərtlər altında keçiriləcək bu müsabiqə və kimlər iştirak edə bilər?

- Bəli, bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi növbəti və sayca üçüncü “MEDİA - fərdi jurnalist müsabiqəsi” elan edib. Jurnalistlərimiz bu gündən başlayaraq iyun ayının 18-nə kimi müraciət edə bilərlər. Qeyd edim ki, bu, yeni və ilk müsabiqədir ki, bütün media subyektləri heç bir fərq qoyulmadan sərbəst şəkildə iştirak edə bilərlər.

Tələblər də olduqca sadədir. Jurnalistlərimiz müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materiallarını müsabiqəyə təqdim edə bilərlər. Ən vacib məqam və bu müsabiqənin fəlsəfəsi də məhz budur ki, bu dəfə jurnalistlərin son 3 ayda hazırladıqları materiallar qiymətləndiriləcək.

Başqa sözlə, bu şərt jurnalistlərimizin peşəkarlığının və məsuliyyətinin artırılmasını stimullaşdıracaq ki, onlar növbəti müsabiqələrdə iştirak üçün hər zaman keyfiyyətli kontent istehsal etməkdə maraqlı olsunlar.

Bir məqamı da qeyd edim ki, müsabiqədə ştatlı müxbirlərlə yanaşı hətta ştatdankənar müxbirlər də iştirak edə bilərlər ki, bu isə onların da fərqlənməsi üçün xüsusi imkan və şəraitin yaradılması deməkdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, tələb olunan sənədlərin siyahısı da azaldılıb. Jurnalistlər sadəcə müraciət formasını doldurmalı, şəxsiyyət vəsiqəsinin surətini, jurnalist vəsiqəsinin surətini, bank rekvizitlərini və müvafiq materialı təqdim etməlidirlər.

- Müsabiqəyə hansı nominasiyalar üzrə materiallar təqdim oluna bilər?

- Çap mediası və onlayn media subyektlərində, yəni qəzetlərdə və veb-saytlarda işləyən jurnalistlər son 3 aylıq dövr ərzində dərc olunmuş yazılarını 10 nominasiyadan yalnız biri üzrə müsabiqəyə təqdim edirlər. Məsələn, ən yaxşı reportaj, ən yaxşı ictimai-siyasi təhlil, ən yaxşı idman reportajı, ən yaxşı jurnalist araşdırması və s. Bədii publisistika janrında yazan jurnalsitlərimiz isə ən yaxşı köşə yazısı və ya ən yaxşı oçerk nominasiyalarında iştirak edə bilərlər. Televiziya və radio jurnalistlərimiz isə son 3 ayda yayımlanmış və həcmi maksimum 5 dəqiqə olan süjetlərini onlar üçün nəzərdə tutulan 5 və ən əsası isə çap və onlayn mediasından fəqli nominasiyalar üzrə təqdim edəcəklər. Bunlar ən yaxşı ictimai-siyasi reportaj, ən yaxşı iqtisadi reportaj, ən yaxşı sosial, habelə mədəniyyət və idman reportajları nominasiyalarıdır.

- Müsabiqə çərçivəsində ilk dəfə olaraq operatorların da iştirak edə biləcəyi bildirilir. Onların iştirakı necə qiymətləndiriləcək?

- Bunu xüsusi ilə vurğulamaq istərdim ki, indiyədək bu tip müsabiqələrdən kənarda qalan operatorların əməyi ilk dəfə olaraq məhz bu müsabiqə çərçivəsində qiymətləndiriləcək. Çünki audiovizual materialların hazırlanması yalnız yazı ilə deyil, həm də videogörüntü ilə ərsəyə gəlir. Bu səbəbdən operatorların zəhmətini qiymətləndirməmək doğru olmazdı və Agentlik bu məsələdə də ədalətli mövqe nümayiş etdirdi. Materialların qiymətləndirilməsinə gəlincə, proses Agentliyin cəlb etdiyi 3 müstəqil ekspert tərəfindən həyata keçiriləcək və yekunda çap və onlayn media subyektlərində çalışan jurnalistlər üçün nəzərdə tutulan 10 nominasiyanın hər biri üzrə 5 jurnalist, televiziya əməkdaşları üçün isə nəzərdə tutulan 5 nominasiyanın hər biri üzrə 2 jurnalist və həmin jurnalistlərin süjetinin hazırlanmasında iştirak etmiş 2 operator olmaqla ümumilikdə 4 nəfər qalib müəyyən ediləcək. Qalib jurnalistlərin hər biri 700 manat, operatorların hər biri isə 350 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaqlar. Yəni, toplamda bu müsabiqə çərçivəsində ümumilikdə 70 media nümayəndəsinin mükafat qazanmaq şansı var. Onların hər birinə MEDİA-nın rəhbərliyi adından uğurlar arzulayır və müsabiqədə aktiv iştirak etməyə dəvət edirik.

- Jurnalistlərin peşəkarlığının artırılmasına dair layihələrin təşkil edilməsi davam etdiriləcəkmi?

- Bəli, bu proses davam etdiriləcək. Agentliyin nizamnaməsinə və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər davamlı şəkildə həyata keçiriləcək. Azərbaycan mediasının inkişafına, media sahəsində mütəxəssislərin hazırlanması, onların peşəkarlığının artırılması, media sənayemizin müasir dövrün tələblərinə cavab verməsi üçün MEDİA Agentliyi layihələrini davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR