"General Həzi Aslanov", "General Şıxlinski", "Qaçaq Süleyman", "Topal Teymur", yoxsa... - Ramiz Novruz haqda nələr bilirik? (FOTOLAR)

img

25-05-2021 [19:45]


Azərbaycanın Xalq Artisti, teatr və kino aktyoru, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru  Həzi Aslanov rolunun mahir ifaçısı Ramiz Novruzun doğum günüdür. 

Dəyərli sənətkarımızı ürəkdən təbrik edir, uzun sağlıqlı ömür və könül xoşluğu arzulayırıq! 

Aktyorun “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov rolu ona şöhrət gətirib...

Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə)...  rollarını ifa edib.

O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb.

Aktyorun Akademik Milli Dram Teatrında oynadığı rolları: Nəvvab və İran şəhzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər-¦", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), Attillio ("Silindr", Eduardo de Filippo), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol).
 
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.

H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
 
Ramiz Novruz həm də bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.

1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.

Aktyorun “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov rolları ona şöhrət gətirib. Beynəlxalq Teatr festivallarının mükafatçısıdır.
 
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 

Qeyd edək ki, Ramiz Novruzun oğlu Cavidan Novruz aktyor və müğənnidir, "Shafa studio"nun rəhbəri Şəfəq Novruzova isə qızıdır.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ

img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR