Azərbaycanda COVİD pasportu tətbiq olunacaq: onu haradan və necə almaq olar? - Qaydalar + FOTO (YENİLƏNİB)

img

25-05-2021 [16:57]


Azərbaycan Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov COVID-19 pasportlarından biri olan vaksin sertifikatının şəklini öz tvitter səhifəsində paylaşıb.

Mia.az xəbər verir ki, o, pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolunun peyvənd olduğunu yazıb.

***

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı açıqlama yayıb.

Agentlikdən Mia.az-a daxil olan açıqlamada deyilir:

""COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”.

“COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” ( https://kabinet.its.gov.az/az/index ) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilmişdir.

Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir.

“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar.

Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər".

****

Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

Mia.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək: “Bu sənəd COVID pasport adlanır. O iki sertifikatdan ibarətdir. Birinci sertifikat peyvənd olunma sertifikatıdır. Peyvəndin iki dozasını alanlara icaze.e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın E-TƏBİB vasitəsi ilə çıxışı var. Eyni zamanda, icaze.e-gov.az portalında onu çap edib kağız formada özündə saxlaya bilər. Hər iki sertifikatın üzərində QR kod var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. Ona görə immunitet sertifikatı COVID-19 pasportu kimi hesab olunur. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR