AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNDƏ GƏRGİNLİK: Makron yenə öz oyununda, Putin təmkinli, Bakı və Yerevan isə...

img

14-05-2021 [18:35]


Azərbaycan ordusunun Ermənistanın Sünik ərazisinin 3.5 kilometrlik hissəsinə girməsilə bağlı məlumatlardan sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, hava şəraitinin yaxşılaşması ilə bağlı Azərbaycan ordusu ''ölkəmizə aid mövqelərdə'' yerləşdirilir.

Mia.az BBC-yə istinadla xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurası Zəngəzur bölgəsindəki insidentlə bağlı cümə axşamı günü ikinci dəfə iclas keçirib.

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dünən gecə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında iddia edib ki,Azərbaycan ordusu Ermənistanın Sünik vilayəti ərazisində mövqelərini irəli çəkib.

Onun sözlərinə görə, mayın 12-si səhəri Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub.

Ermənistan Müdafiə Nazirliyi cümə axşamı günü axşama yaxın bəyan edib ki, Azərbaycan qüvvələri bu gün Vardenis və Sisyan istiqamətlərində də irəli gəlməyə cəhd göstərib və sonradan geri çəkilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı günü ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Philip Reekerlə Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik və bölgədəki mövcud vəziyyəti müzakirə edib.

Azərbaycan XİN-in məlumatında deyilir ki, müzakirə zamanı "bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi" vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da cümə axşamı günü Ermənistan-Azərbaycan sərhədində baş verənlər barədə danışblar.

"Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirildi. Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisə ilə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini vurğuladı", - Tass Kremlin mətbuat xidmətinə istinadən yazır.

Məlumatda deyilir ki, Vladimir Putin bölgədə sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərinin və Yerevan və Bakı ilə sıx təmasın davam etdiriləcəyini bildirib.

Kreml Nikol Paşinyanın "ortaya çıxan bütün problemlərin müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv dialoq və qarşılıqlı əlaqəni" dəstəklədiyini qeyd edib.

Söhbət zamanı Putin və Paşinyanın Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələlərinə toxunduqları, müxtəlif səviyyələrdə gələcək əlaqələr barədə razılığa gəldikləri bildirilir.

Mayın 13-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov sərhəddəki gərginliyi müzakirə edib, Azərbaycan XİN bu barədə məlumat yayıb.

''Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər'', bəyanatda deyilir.

Həmin gün Azərbaycan XİN rəhbəri İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə sərhddə baş vermiş gərginlik barədə danışıblar

Azərbaycan Xarici İşlər Nazirliyi cümə axşamı günü yaydığı məlumatda bildirib ki, üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir.

"Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir", - bəyanatda deyilir.

Qurum Ermənistanın məsələyə "qeyri-adekvat" reaksiya verdiyini, "təxribat xarakterli bəyanatlarla" çıxış etdiyin vurğulayıb.

"Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir", - Azərbaycan XİN-in məlumatında deyilir.

Azərbaycan XİN Azərbaycan Dövlət Sərhəd Xidmətinin mayın 12-dən gərginliyin baş verdiyi əraziyə ezam olunduğunu, qarşı tərəfin sərhədçiləri ilə danışıqların və vəziyyətin normallaşması istiqamətində müvafiq addımların atıldığını açıqlayıb.

Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış Minsk qrupunun həmsədrlərindən olan Fransanın Prezidenti Emmanuel Makron Azərbaycanı Ermənistan sərhədlərini pozmaqda ittiham edib.

O, Facebook hesabında erməni dilində "Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə keçib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəylik içindədir və olmağa davam edəcəkdir" yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırıb.

"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri yaxından izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq", - ABŞ rəsmisi cümə axşamı günü Twitter hesabından yazıb.

Mayın 13-də növbəti həftəlik hökumət iclası zamanı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bir daha Azərbaycan hərbçilərinin 3,5 km Ermənistan ərazisinə müdaxilə etdiklərini bildirib və vəziyyətin hələ dəyişmədiyini deyib.

Bəzi yerli informasiya vasitələrinin məlumatına görə, hazırda danışıqlar Rusiyalı sülhməramlıların iştirakı ilə Ermənistan və Azərbaycan hərbçiləri arasında davam edir.

Paşinyan Azərbaycan tərəfinin ''göl üzərində öz nəzarəti ələ keçirməyə cəhd etdiyini'' bildirib.

O, yaranmış vəziyyəti "böhrana yaxın" adlandırıb, lakin Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini bildirib.

"Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir", - Paşinyan deyib.

"Ötən gün insidentin yer aldığı Sünik bölgəsinin "Sevliç" ("Qaragöl") hissəsində gecə ərzində vəziyyət dəyişməz qalıb, Ermənistan və Azərbaycan qoşunları danışıqları davam etdirir", - bu barədə TASS-a Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

"Vəziyyət əvvəlki kimidir, danışıqları davam etdiririk", - Rusiya agentliyinin müxbirinə Ermənistan hərbi idarəsindən bildiriblər.

Daha əvvəl Ermənistanın Gorus şəhəri merinin müavini İrina Yolyan məlumat yaymışdı ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçib" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəlib". Onun sosial şəbəkə və teleqram kanallarında yayılan məlumatına görə, sərhəd boyunca qarşı tərəfin "yüzlərlə hərbçisi dayanıb".

Onun iddiasına görə, Azərbaycan tərəfi burada 30 faizi sərhədin Azərbaycan tərəfində yerləşən Sevliç (Qaragöl) gölünü tamamilə öz nəzarəti altına almaq istəyir.

Sünik, Qarabağ, Qaragöl, Sevliç

 

Sevliç (Qaragöl) gölü

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 12-də Azərbaycan silahlı qüvvələri "sərhədi dəqiqləşdirmək bəhanəsi ilə sərhəd hissələrindən birində müəyyən işlər görmək istəyiblər".

Lakin "görülən tədbirlər nəticəsində Azərbaycan hərbçiləri bu işləri dayandırıb. İndi vəziyyətin nizamlanması üzrə danışıqlar gedir".

Ermənistan Müdafiə Nazirliyi narahatlıq üçün əsas olmadığını bildirib və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

Daha əvvəl bəzi Teleqram kanalları İşxanasar istiqamətində Azərbaycan silahlı qüvvələri ilə döyüşlər haqqında və Ermənistan silahlı qüvvələrinin döyüş vəziyyətinə gətirilməsi haqqında məlumat yaymışdılar.

Azərbaycan Müdafiə Nazirliyinin bu məlumatlara reaksiyası hələ ki, məlum deyil.

MIA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR