Deputat xeyli adamın pensiyasını kəsən ƏƏSMN-i "topa tutdu": "İki ayağı olmayana yazılır ki, əlləri işləyir..."

img

29-04-2021 [12:59]


Xəstə insanların pensiyalarının kəsilməsi ilə bağlı saysız-hesabsız müraciətlər var. Bu problemin bir vacib kökü də həkim müayinələrinin ikibaşlı qeyd edilməsidir. Məhz, bu ikibaşlı qeydlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların kəsilməsi üçün əsas və bir çox hallarda da fürsət görür.

Mia.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev bildirib.

"Ay balam, bu günə kimi barmağınızı qatlayın görək, sizlər hansı serebral iflici müalicə edib sağaltmısınız? Hansı anadangəlmə xəstəlikləri sağaltmısınız? Niyə verdiyiniz kağızda "yaxşılaşma hiss edilir", "müalicəsi davam etdirilə bilər", "müalicəyə ehtiyacı var", yaxud sağlam orqanlarını qeyd edirsiniz ki, "ürəyi normal işləyir", "qaraciyərinin funksiyası pis deyil", nə bilim "nisbi yaxşılaşma qeyd olunur". Bunlar nə deməkdir? Əlbəttə, onların ömürlük müalicəyə ehtiyacı var, amma bu əsas vermir ki, bunu bəhanə edib, pensiyasını dayandırasınız?

Ayıbdır, Vallah! Serebral iflicin gözləri yaxşı görürsə, bunun nə aidiyyatı var? Belə çıxır ki, iki ayağı olmayana yazılır ki, əlləri işləyir. Əlinin yox ayaqlarına nə aidiyyatı var? 1-ci qrupdan da o yana yeni qrup növü təşkil edəcəksiniz? Belə çıxır ki, vətəndaşları da yola verirsiniz, məsuliyyəti üzərinizdən atırsınız və hər kəs üçün problem yaradırsınız. Nazirlik də baxmır ki, ay balam serebral iflic sağalan xəstəlik deyil axı. Bu adam ömürlük şikəstdir, nə yaxşılaşma ola bilər? Fürsət bilib, qayçılayır. Lap yaxşılaşsın, uzağı kimlərinsə köməkliyi ilə 5-10 addım atıb hamama gedə bilər. İnsafınız və vicdanınız olsun! Vətəndaşları bu şəkildə incitməyin.

Pensiyaları kəsirsiniz, 6-7 aydan sonra kimlərinsə təzyiqi ilə bərpa edirsiniz, bəs o almadığı, haqsızlığa uğradığı ayları kimin adına yazaq? Vətəndaşlara bu stresi yaşatmayın. Yazın ki, bu adam ölməməsi və ayaqda qalması üçün müalicə edilir. Amma sağalması mümkün deyil. İkibaşlı cümlələr yazmayın, nazirliyə də fürsət verməyin. Allahdan qorxun!",-deyə millət vəkili bildirib./xezerxeber


Digər xəbərlər
SON XƏBƏRLƏR