Aparıcı, yoxsa aktrisa... - Məhluqa Sadıqova haqda nələr bilirik? (FOTOLAR)

img

28-04-2021 [17:39]


Azərbaycanın Xalq artisti, "Bulaq" verilişinin əvəzsiz aparıcılarından biri, şirin səsli MƏHLUQƏ SADIQOVAnın doğum günüdür.

Rəhmətlə xatırlayaq. Ruhu şad olsun.

Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı Məxluqə xanımın oynadığı rollara dolğunluq və bütövlük gətirirdi. İnsan onun oynadığı obrazdan çox bəlkə də səsinə valeh olurdu...

Məhluqə Sadıqova... Bu adı eşidəndə hər kəs həm də uzun illər dövlət radiosunda yayınlanan “Bulaq” verilişini xatırlayır. Görkəmli aktrisa 40 ildən artıq “Bulaq” verilişinin əvəzsiz aparıcılarından olub. Gözəl nitqi, aydın və səlis diksiyası ilə uşaqdan böyüyə hər kəsdə özünə məhəbbət yaratmışdı. Səsi bulaq kimi qəlblərə yayılırdı.

Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci ilin bu günü Şuşa şəhərində doğulub.Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram9 dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.

Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. 

Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

19 iyul 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

17 oktyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın 100 illik yubileyi qeyd olunub. 

Məhluqə Sadıqova "Əməkdə fərqlənməyə görə" medalı (9 iyun 1959), "Azərbaycan SSR Əməkdar artisti" (21 iyul 1949) və "Azərbaycan SSR Xalq artisti" (10 yanvar 1978) fəxri adlarına layiq görülmüşdür.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR