HƏBS EDİLƏN BAŞ HƏKİM BU GENERALIN QOHUMU ÇIXDI - FOTO

img

22-04-2021 [13:24]


Dünən gecə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla həbs edilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev bu posta yüksək vəzifədə işləyən yaxın qohumu vasitəsi ilə təyin olunub.

Məlumatlı mənbədən “AzPolitika.info”-ya daxil olan informasiyaya görə, İ. Ağayevin FHN-də nazir müavini olan general-leytenant Faiq Tağızadənin qohumudur.

Baş həkim bundan əvvəl Gömrük Komitəsinin Mərkəzi Hospitalının stomatoloqu olub.

O, 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib. Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi, Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, dünyada və ölkəmizdə koronavirus xəstəliyinin geniş yayıldığı dövrdə əhalinin pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən müfəssəl dövlət siyasətinə və bu sahədə mövcud olan qanunvericiliyə zidd olaraq öz qanunsuz əməlləri ilə əhalinin sağlamlığını təhdid altına alan vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə qarşı prokurorluq orqanları tərəfindən təxirəsalınmaz hüquqi tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada koronavirus xəstələrinin 4-10 min manat rüşvət qarşılığıında xəstəxanalara yerləşdirilməsi barədə dəfələrlə məlumat verilib. O cümlədən, “AzPolitika.info”-nun apardığı araşdırmalar zamanı belə natəmiz əməllər üzə çıxarılıb və ictimaiyyətə təqdim olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR