Prezident İlham Əliyev Sənaye Məhəlləsinin açılışında: "Bunların qiyməti neçəyədir?" - Yenilənib

img

20-04-2021 [20:58]


Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış oldu.

Məlumat verildi ki, bu müəssisə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir.

Prezident İlham Əliyev: Bunların qiyməti neçəyədir?

Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov: Cənab Prezident, 17 min manatdan başlayır, 130 min manatadək.

Prezident İlham Əliyev: Birinci mərhələdə nə vaxt maşınların istehsalı nəzərdə tutulur?

Emin Axundov: Yaxın zamanlarda - bir ay, ay yarım ərzində

Prezident İlham Əliyev: Yəni, dərhal?

Emin Axundov: Bəli, cənab Prezident.

Qeyd edək ki, bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.

X X X

Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir.

Zavodla tanış olan dövlətimizin başçısı müəssisəni işə saldı.

Məlumat verildi ki, burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələdirilməsi və quraşdırılması həyata keçiriləcək.

Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək.

Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq.

Sahibkar Elxan Bəşirov dedi ki, ilk növbədə Hacıqabulda iş yerləri açmaq üçün burada istehsalat sahəsi yaratmaq istədik. Bizim işimiz tikinti materialları istehsal etməkdir. Burada xammal olmadığı üçün tikinti materialları istehsal edən zavodlar hazırlamağı qərara aldıq. Bu layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır. Biz “açar-təhvil” prinsipi ilə işləyəcəyik. Belə təcrübə dünyada da var.

X X X

Sonra Prezident İlham Əliyev “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin açılışını etdi.

Məlumat verildi ki, müəssisədə ilk ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.

Məhsulun keyfiyyəti və qiyməti məsələsinə gəldikdə isə Cengiz Aygör deyib ki, Azərbaycanda su istehsal edən müəssisələrə qab satırıq. Artıq xarici bazardan məhsul almağa ehtiyac yoxdur. Yerli istehsal qiymətlərə də təsir edəcək. Keyfiyyət və qiymət sahəsində də üstünlüklər var.

X X X

Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir.

Prezident İlham Əliyev: Tələbat nə qədərdir?

Sahibkar: Bizdə tələbat 500 ton arasındadır. Ölkədə tələbat böyükdür.

Prezident İlham Əliyev: Bizim tara istehsal edən bir şirkət də var. Mən onların müəssisələrində də olmuşam.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Qeyd edək ki, bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.

Mia.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Daha sonra Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.

Dövlət başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR